FOTO: Toplum.tv
"5 aydır ki, qardaşımdan xəbər yoxdur, anam dərddən yatağa düşüb…”
Bunu "Toplum TV”-yə sentyabrın 28-dən etibarən qardaşın Təbriz İbrahimovdan xəbər ala bilməyən Salyan rayon sakini Aidə İbrahimova deyib.
T.İbrahimov Daşkəsən rayonundakı N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşına qatılan Təbriz bir gün sonra Murovdağda gedən döyüşlər zamanı Ağdağ postu yaxınlığında yaralanıb və xalası oğluna zəng edərək bunu ona da deyib.
O, Təbrizin son sözlərini belə xatırlayır: "Yuxarıda üstündə erməni postu var, mina partlayanda dərədən aşağı yıxılmışam. Tək deyiləm, yanımda şəhid olanlar, yaralananlar var. Ermənilər yaxındadırlar, səslərini eşidirik...”
Bundan sonra Təbrizlə əlaqə kəsilib, ona edilən zənglərin heç birinə cavab verməyib.
FOTO: Toplum.tv
Aidə İbrahimova rəsmi qurumlara da müraciət etdiklərini deyir. "Müdafiə Nazirliyinə, Qırmızı Xaç Komitəsinə də müraciət etmişik. Komitədən Elnur müəllim dedi ki, Təbrizin adı əsirlər siyahısında yoxdur, ermənilər əsirləri gizlətdiyi üçün dəqiq siyahı bilmirik ”.
A.İbrahimova atasının 1 il əvvəl vəfat etdiyini, anasınınsa Təbriz itkin düşəndən bəri yatağa düşdüyünü söyləyir.
Salyan Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rəşad Cəbrayılov "Toplum TV”-yə ailə ilə tez-tez görüşdüklərini bildirib: "Biz də Müdafiə Nazirliyinə, Hərbi Səfərbərliyə müraciət etmişik. Ümid edirik ki, problem tezliklə həll olunacaq”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla üzrə Dövlət Komissiyasının qaynar xəttiylə əlaqə saxlamaq mümkün olmayıb – zənglərə verilən cavab "Yığdığınız nömrə mövcud deyil” olub. Komissiyanın işçi qrupunun sədr müavini Eldar Səmədov da suallarımızı cavablandırmaq istəməyib və qurumun elektron ünvanına sorğu göndərməyi tövsiyə edib. "Toplum TV”-nin komissiyanın elektron poçtuna göndərdiyi sorğuya isə 2 gün ərzində cavab verilməyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Toplum TV”-yə açıqlamasında bildirib ki, itkin düşmüş şəxsin ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edə bilərlər: "Burda şəxsi məlumatlardan söhbət getdiyi üçün Təbriz İbrahimovun bizim qurumda qeydiyyatda olub-olmadığını sizə deyə bilmərəm”.
Ancaq komitənin Qohumlararası əlaqələrin bərpa olunması şöbəsinin əməkdaşı İbrahimov Təbriz İsmayıl oğlu haqqında axtarış işi açıldığını, bu haqda ətraflı məlumatın onun ailə üzvlərinə veriləcəyini deyib.
Aidə İbrahimova qardaşının sağ olduğuna inanır. Deyir ki, qardaşı hər gecə yuxusuna girir: "Deyir, kim sənə desə ki, şəhid olmuşam, inanma, mən sağam...”
Təbrizin anası isə xəstə yatağında oğlunun yolunu gözləyir. Aidə onun danışmağa taqətinin qalmadığını, Təbrizsiz günlərini saydığını deyir.
Bu gün ananın oğlundan xəbərsiz olduğu 107-ci gündür...
Aytac Məmmədli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.