18:02, 05 Oktyabr 2019 (Şənbə) 1041

Jurnalist Polad Aslanovun həbs müddəti uzadıldı

Jurnalist Polad Aslanovun həbs müddəti uzadıldı
Səbail Rayon Məhkəməsi jurnalist Polad Aslanov barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay uzadaraq, ümumilikdə 8 aya qaldırdı.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Abbasova feysbuk hesabında yazıb: "Dostlar bu gün Səbail rayon məhkəməsində Aytən Əliyevanın sədrliyi ilə Polad Aslanovun məhkəmə prosesi keçirildi. Məhkəmə 4ay həbs qətimkan tədbirinin müddətini daha 4ay (12 fevral tarixinə qədər) uzadılması ilə bağlı qərar verdi".

G.Abbasova əlavə edib ki, qərardan Apelyasiya şikayəti veriləcək.

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, Səbail Rayon Mәhkәmәsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.

Yaxınları isə onun DTX əməkdaşlarının sərhəd keçid məntəqəsində ziyarətə gedən zəvvarlardan rüşvət alması faktlarını təsisçisi və baş redaktoru olduğu "Xəbərman.com" saytında dərc etdiyi üçün görə şərlənib həbs olunduğunu bildirir.