15:17, 30 Sentyabr 2019 (Bazar ertəsi) 84

Jurnalistin aclığa başladığı deyilir

Jurnalistin aclığa başladığı deyilir
Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Şəfəq Ağacanın bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir.

Xəbəri Şəfəq Ağacanın təsisçisi və baş redaktoru olduğu Bakupress.az saytı yayıb.

Şəfəq Ağacan mayın 1-i Bakıda tutulub. İttihama görə, o, paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.

Jurnalist ittihamları qəbul etmir, şərləndiyini deyir.

Mayın 3-ü Xətai Rayon Məhkəməsi Şəfəq Ağacan barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Sonradan istintaq orqanının vəsatəti əsasında rayon məhkəməsi həbs müddətini 2 ay uzadıb. Həmin qərardan sonra Şəfəq Ağacanın həbs müddəti oktyabrın əvvəlində başa çatmalı idi.

Lakin sentyabrda istintaq orqanı yenidən həbs müddətinin uzadılması üçün məhkəməyə vəsatət verib. Xətai Rayon Məhkəməsi vəsatətə sentyabrın 27-də baxıb. Vəsatət təmin olunub, Şəfəq Ağacan barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması haqda qərar çıxarılıb.

Bakupress.az-ın yazdığına görə, Şəfəq Ağacan buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk şəbəkəsində məlumat verib ki, Şəfəq Ağacanın ailə üzvləri mediaya və hüquq müdafiə təşkilatlarına müraciət ediblər: "Müraciətdə jurnalistin ona qarşı olanlara etiraz edərək sentyabrın 27-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı və səhhətinin ağır olduğu bildirilir”.


Mənbə: Novator.az