10:30, 12 Fevral 2020 (Çərşənbə) 108

Jurnalistin atası seçki məntəqəsində saxlanıldı, cəzalandırıldı

Jurnalistin atası seçki məntəqəsində saxlanıldı, cəzalandırıldı
"Kanal 13” internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun atası İslam Nadirov fevralın 9-da 14 sutka inzibati cəza alıb.

Meydan TV xəbər verir ki, bu barədə İsmayıl İslamoğlu özü məlumat verib.

İsmayıl İslamoğlu atası İslam Nadirovın həbs səbəbini 9 fevral növbədənkənar parlament seçkilərində qanunsuzluğa etirazı ilə əlaqələndirir.

İsmayıl İslamoğlunun sözlərinə görə, o, 46 saylı Şirvan Seçki Dairəsinin 32-ci məntəqəsində qanunsuzluqları çəkmişdi:

"Eyni zamanda, özüm namizəd Ziya Əliyevin vəkili idim. Bu çəkilişdən sonra yerli Rabitə İdarəsində çalışan atama zəng edib deyiblər ki, məntəqədə telefonlar xarab olub, gəl, düzəlt. Atam həmin məntəqədə qeydiyyatda olduğundan səs verirmiş, onu səs verməyə dəvət edib mayeni sağ baş barmağına vurmaq istəyəndə, etiraz edib ki, sola vurmalısınız. Bundan sonra polis çağırıb aktlaşdırıb işi Şirvan Rayon Məhkəməsinə göndəriblər və seçki günü də 14 sutka həbs cəzası veriblər. Guya atam seçkiyə mane olub, polisin qanuni tələbinə müqavimət göstərib. Ancaq atam etiraz etsə də, məhkəmə hökm çıxarıb. Apelyasiya Məhkəməsinə şikayət etsək də, rədd olundu və qərar qüvvədə saxlanıldı”.

İ.İslamoğlu hazırda 46 saylı Şirvan Seçki Dairəsinin nəticələrinin ləğv olunması üçün MSK-ya müraciət etdiklərini bildirib:

"Bu dairədən YAP-ın namizədi Azər Quliyev olsa da, "Shirvan Operating Company” şirkətinin vitse-prezidenti İltizam Yusifov qalib elan olunub”.

İsmayıl İslamoğlu məhkəmədə atası ilə görüşə icazə verilmədiyini vurğulayıb.

O, fevralın 12-də mətbuat konfransı keçiriləcəyini əlavə edib.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.