16:30, 13 İyun 2019 (Cümə axşamı) 79

Jurnalistin harada saxlanıldığı bəlli oldu - DTX açıqlama yaydı

Jurnalistin harada saxlanıldığı bəlli oldu - DTX açıqlama yaydı
Jurnalist Polad Aslanovun həm öz evində, həm də anasıgildə axtarış aparılıb, həyat yoldaşı isə 5 saata yaxın DTX-da dindirilib.

Xeberman.com saytının rəhbəri Polad Aslanov müalicəsi ilə əlaqədar İrana gedərkən gömrükdə saxlanılıb. 

Ailəsinin verdiyi məlumata görə, saxlanılmanın səbəbi kimi onun ölkədən çıxışına qadağa qoyulması göstərilib. Ardından isə jurnalisti Bakıya gətiriblər.

Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova özünün "Facebook" sosial şəbəkəsindəki hesabından baş verənlərlə bağlı açıqlama yayıb. 

O yazıb ki, dünən (iyunun 12-si) təxminən saat 10:30 radələrində Polad, o və övladları Fatiməylə birlikdə Biləsuvar Gömrük Keçid Məntəqəsində saxlanılıblar: "Bizə sistemdə problem olduğunu bildirdilər. Bir neçə dəqiqədən sonra bizi təkrar yoxlama otağına saldılar. Telefonlarımızı zorla əlimizdən aldılar.Onlardan saxlanılmanın səbəbini izah etsinlər. Lakin onlar məni zorla otaqdan çıxarıb Polad bəyi sorğuya çəkdilər. Təxminən bir saatdan sonra DTX-nın Biləsuvar rayon Şöbəsindən 3 nəfər əməkdaş gəldi. Onlar da Polad bəyi tək sorğuya çəkdilər. Ardından isə bizi DTX-nın Biləsuvar rayon şöbəsinə gətirdilər. Orada bildirdilər ki, bizi Bakıya aparıb, təhvil verməlidir. Bir xeyli mübahisə etdik. Telefonumu tələb etdim. Vermədilər. Daha sonra isə bildirdilər ki, Polad bəylə bizi ayrı-ayrılıqda Bakıya aparacaqlar. Bununla razı olmadım. Və mənə şərt qoydular ki, o zaman Poladın qoluna qandal vuracağıq. Mən də onlara dedim ki, birini də mənim qoluma vurun. Amma bizi ayrı maşında aparsaz intihar edəcəm. Beləcə, bizi birlikdə maşınla Bakıya, DTX-nın idarəsinə gətirdilər və Poladla məni ayırdılar”.

Gülmira Aslanova daha sonra yazıb ki, təxminən 2 saat sonra uşaqla onu özlərinin yaşadıqları mənzilə gətiriblər. "Evdə məhkəmə qərarı ilə axtarış apardılar. Polad bəyə məxsus kompyüter, data kart, nömrə, sənədlər, fotoaparat, video kamera və bir çox avadanlıqları müsadirə etdilər. Hətta Polad bəyin anasıgilin evində də axtarış apardılar. Həmin evdən Polad bəyə məxsus olmayan bir ədəd kitab və bir ədəd evdə lazım olmayan, yararsız telefon kartı, anası Güllər Aslanovaya məxsus telefonu da aldılar. Oradan da bizi DTX-ya apardılar. Təxminən məni 4-5 saat sorğuya çəkdilər. Gecə saat 1-in yarısında buraxdılar”.

Dövlət Təhlükəsizliyi Xidməti də (DTX) jurnalistin saxlanması barədə məlumat yayıb.

Bu barədə "Report"a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, "xeberman.com” və "press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Qurumun açıqlamasında deyilir: "Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. 

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb".

"Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib. İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib. Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib", - açıqlamada bildirilir. 

Qurumdan bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Arqument.az