12:27, 04 Oktyabr 2019 (Cümə) 562

Jurnalistin ölkədən çıxışına qadağa aradan qaldırılmadı

Jurnalistin ölkədən çıxışına qadağa aradan qaldırılmadı
Baş Prokurorluq jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağanı aradan götürməyib.
 
Bu barədə Şahvələd Çobanoğlu məlumat verib.

O bildirib ki, porokurorluq bu günlərdə jurnalistin vəkillərinin müvafiq müraciətini cavablandırıb. 
 
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin rəisi Eldar Əhmədovun adından göndərilən məktubda deyilir: "Namazov Şahvələd Abutalıb oğlunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığınız təkrar müraciətiniz Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilib. Nəticəsi barədə sizə əlavə məlumat veriləcək”.

Jurnalist son 4-5 ildə "Azadlıq” qəzeti, "Azadlıq Radiosu", həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib.
 
Onun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.
 
Şahvələd Çobanoğlu bu təzyiqləri qanunsuz hesab edir. Vəkilləri bir neçə dəfə prokurorluğa müraciət etsələr də, onun ölkədən çıxışına qoyulan qadağanın qaldırılmasına nail ola bilməyiblər.

Əbülfət Baxşəli