10:26, 11 İyun 2019 (Çərşənbə axşamı) 78

"Seçki günü direktor müavini məktəbin həyətindəki bağa nəzarət eləyirdi"

"Hüquq-mühafizə orqanlarının əməkdaşları çox vaxt təcrübəsinə görə həyat yoldaşımın köməyinə ehtiyac duyurlar"

Azərbaycanda 2018-ci il aprelin 11-də prezident seçkiləri zamanı 25 saylı Dairə Seçki Komissiyasının 14, 15 və 16 saylı seçki məntəqələrindən hazırladığı reportaja görə məhkəməyə verilən jurnalist Sevinc Vaqifqızıya (Abbasova) qarşı iddiaya baxılıb. Lakin jurnalisti məhkəməyə verən 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova özü prosesdə iştirak etməyib. Onun əvəzinə nümayəndəsi qismində həyat yoldaşı Rasət Qasımov iştirak edib.

R.Qasımov iddianı müdafiə edib. Bildirib ki, S.Vaqifqızının hazırladığı, Meydan TV-də, "azadliq.info” saytında və "Azadlıq” qəzetinin "facebook” səhifəsində yayımlanan reportajda həyat yoldaşının şərəf və ləyaqəti alçaldılıb, işgüzar nüfuzuna zərbə vurulub. Onun fikrincə, bu, məqsədli şəkildə edilib: "2018-ci il aprelin 11-də keçirilən seçkinin mənim həyat yoldaşıma aidiyyəti olmayıb. O, əvvəllər seçki komissiyasının üzvü kimi, müxtəlif seçkilərdə iştirak edib. Amma sonra mən ondan xahiş elədim, o da komissiya üzvü olmaqdan imtina etdi. Həm də müəyyən adamlarla problemləri yaranmışdı. Yoldaşım artıq məktəbdən də çıxır, çünki bu il 65 yaşı tamam oldu”.

Hakim xatırladıb ki, seçki günü ölkədə iş günü deyildi, E.Alandarova məktəbə niyə getmişdi? Həyat yoldaşı deyir ki, onu məktəbə direktor çağırmışdı: "Əvvəllər məktəbdəki kütləvi tədbirlərdə anlaşılmaz hadisələr baş vermişdi. Təcrübəli adam kimi, onu köməyə çağırmışdı ki, ictimai vəzifəsini yerinə yetirsin. Sinif otaqlarında qiymətli əşyalar var, onları götürməsinlər, məktəbin həyətindəki bağa, güllərə nəzarət eləsin”.

R.Qasımova deyilib ki, videoda onun həyat yoldaşı təkcə həyətdə yox, məktəbdə yerləşən seçki məntəqələrində də görüntülənib. Seçki məntəqələrində təhlükəsizliyin qoyunması üçün isə başqa adamlara ehtiyac olmur, çünki orada polis əməkdaşları olur.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları çox vaxt təcrübəsinə görə mənim həyat yoldaşımın köməyinə ehtiyac duyurlar”, - R.Qasımov belə cavab verib.

İddiaçı tərəfi narazı salan əsas məqam video-reportajda E.Alandarovanın eyni qadınlarla bir neçə yerdə göstərilməsi, onun seçki məntəqələrindəki "karuselə” nəzarət etməsi barədə fikirlərdir. Videodan görünür ki, E.Alandarova seçki komissiyasının üzvü olmadığı halda, dəfələrlə məktəbdəki seçki məntəqələrinə gedib-gəlir, səs verən qadınlarla danışır, çəkildiyini hiss edəndə gizlənir.

"Seçkidə "karusel” seçkini saxtalaşdırmaq anlamına gəlir. Bu isə cinayətdir. Faktiki mənim həyat yoldaşım cinayət törətməkdə ittiham olunub”, - deyə R.Qasımov bildirib.

S.Vaqifqızı isə iddianı qəbul etmədiyini, orada yazılanlarla razılaşmadığını söyləyib. Bildirib ki, video-reportajın "Seçkidə "karusel”ə nəzarət edən direktor müavini” başlığıyla yayımlanması redaktorun fikri olub, ancaq o da bununla razılaşıb: "Mən o sözün arxasındayam. Əminəm ki, o qadın orada "karusel”ə nəzarət edirdi. Əlimdəki görüntülər də bunu sübut edir. O qadın müəllimləri yönləndirirdi. Görəndə ki, çəkirəm, qaçıb gizlənirdi. Bir saata qədər məni çəkməyə qoymadılar. Məktəbdəki hər iki məntəqədə onu çəkmişəm. Yaxınlaşıb soruşdum ki, niyə məntəqələri gəzisiniz? Dedi ki, mən direktor müaviniyəm, məktəbin həyətindəki bağa nəzarət edirəm. O, məgər bağbandır ki, iş günü olmaya-olmaya gəlib bağa nəzarət eləsin? Hər halda, məktəbdə direktor müavini bağa baxmır, bunun üçün bağban olur”.

S.Vaqifqızı məhkəməyə məlumat verib ki, E.Alandarova təxminən bir il öncə ondan Bakı şəhər Baş Polis İdarəsinə də şikayət eləmişdi, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi. Ancaq onun şikayəti əsassız sayılıb.

Jurnalistin vəkili Zibeydə Sadıqova iddiaya etirazını həm məhkəməyə, həm də qarşı tərəfə təqdim edib. Deyib ki, jurnalistin əlində direktor müavininin ixtiyarı olmadığı halda, seçki məntəqələrini gəzdiyini sübut edən görüntülər var. Avropa Məhkəməsinin presedent qərarlarını yada salan vəkil bildirib ki, jurnalist faktları şərh eləyə bilər, Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsi də buna imkan verir: "Bu, prezident seçkisi idi. Prezident seçkisi keçiriləndə bütün dünyanın gözü o ölkəyə yönəlir. Həmin gün o məntəqə baş verənlər də çox əhəmiyyətli proses idi. Jurnalist də onları çəkib göstərib”.

R.Qasımov cavabında deyib ki, həmin gün həyat yoldaşı seçki məntəqəsinə yox, məktəbin yeməkxanasına gedib. Yeməkxanaya getmək üçün də məktəbin girişindəki seçki məntəqəsindən keçmək lazım gəlir: "Mən onun üçün 10 dənə "Nescafe” almışdım ki, müəllimlərlə oturub içsin. O da gedib yeməkxanadan su götürüb”.

S.Vaqifqızı cavabında bildirib ki, axı E.Alandarova bir yox, bir neçə dəfə seçki məntələrinə girib-çıxıb, əksər hallarda da yanında səs verən adamlar olub:

"Sizin həyat yoldaşınız həmin gün şəxsən mənə bir neçə dəfə yalan danışdı. Mən həyatım boyu dəqiqliyinə əmin olmadığım bir şeyi yaymaram. Bir saat onu müşahidə eləmişəm. Əmin oldum ki, müəllimələrin "karusel”inə o, rəhbərlik edir”.

Baxmayaraq ki, R.Qasımov artıq seçki komissiyasının üzvü olmadığını deyir, hakim bu məsələnin rəsmi qaydada dəqiqləşdirilməsi üçün Mərkəzi Seçki Komissiyasına sorğu göndərmək qərarına gəlib.

Məhkəmə prosesi iyulun 11-də davam edəcək.

E.Alandarovanın iddia tələbi belədir: haqqındakı video-material MeydanTV-nin, "azadliq.info” saytlarından, "Azadlıq” qəzetinin "facebook” səhifəsindən silinsin, təkzib verilsin, S.Vaqifqızı həmin videoların yayımlandığı media orqanlarında ondan üzr istəsin, yalan məlumat yaydığına görə də 2 min 500 manat kompensasiya ödəsin.
 
Toplum.Tv