18:31, 05 Noyabr 2019 (Çərşənbə axşamı) 125

Jurnalistlər Bakı polisinə cavab verdilər

Jurnalistlər Bakı polisinə cavab verdilər
"Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev belə deyib. 

Onun sözlərinə görə, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidir. 

Polis mayoru jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində "PRESS" yazılan gödəkçə geyinmələrini tövsiyə edib.

Media hüququ üzrə ekspert Xalid Ağalıyev Toplum Tv-yə deyib ki, kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətini maneəsiz həyata keçirməsi  konteksində xeyli ciddi problemlər olub.
 
 

Xalid Ağalıyev bildirir ki, polisə aparılmalar, onlarla  qaba rəftarlar, bədənlərində müəyyən  zorakılıq edilməsini ifadə edən izlər olmasıyla bağlı son 1 il ərzində  azı 10  hadisə xatırlayır: "Ona görə də  tamamilə bu sahədə  problem yoxdur, hər şey qaydasındadır demək doğru deyil. Amma eyni zamanda  onu da vurğulamaq lazımdır ki,  səhv etmirəmsə, son 2-3 ay ərzində  polisdə  kütləvi aksiyalar zamanı jurnalistlərin  daha rahat informasiya toplaması, onların zorakılığa məruz qalmasını, saxlanmasını önləmək məqsədilə  bir qrup yaradılmışdı. Ümumiyyətlə,  bu cür  addımlar da var, onları da qeyd etmək lazımdır. Hesab edirəm ki,  mövcud problemləri tam  aradan qaldırmaq, jurnalistlərin öz peşə fəaliyyətlərini daha rahat  yerinə yetirməsi üçün  belə addımların davamı da olmalıdır”.

Jurnalist Fatimə Mövlamlı isə Elşad Hacıyevin sözlərini yalan hesab edir.  

O, Toplum TV-yə deyib ki, jurnalistlərə qarşı rəftarı göstərən kadrlar var: "19 oktyabrda çəkiliş etdiyimə görə  məni 2 dəfə saxladılar. 10-a yaxın mülki geyimli yaxınlaşıb onlarla getməli olduğumu bildirdi. Məndən əlavə başqa 3 jurnalist də var idi. "Biz peşə fəaliyyətimizi yerinə yetiririk, mane olmayın”, dedik. Bizi kobud şəkildə maşına mindirib apardılar. Mitinqə hələ 1 saat qalmış Əli Kərimlinin evinin qarşısında saxlanıldıq. Axşam  təxmini 7-nin yarısında  Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxıldım. Həmin vaxt yenə polisdən hücumlar oldu. Orda heç bir şüar, aksiya yox idi. İnsanlar sadəcə  kütləvi şəkildə metroya düşürdülər. Mən çəkiliş elədiyim yerdə telefonumu əlimdən aldılar, özümü saxladılar”.

Fatimə Mövlamlı bildirir ki, nəinki 19 oktyabrda,  adi küçədə, parklarda  sorğu çəkən, reportaj hazırlayan  jurnalistlərə belə təzyiqlər olur: " Hətta əlində telefon olan vətəndaşın üzərinə hücum edirlər ki, onların törətdiyi  zorakılıqlar  ictimailəşməsin, insanlar bunu görməsin”.
 

 
ATƏT-in Media üzrə nümayəndəsi Harlem Dezir 19-20 oktyabrdakı aksiyalarda jurnalistərin peşə fəaliyyətinə əngəllər yaradılması ilə bəyanatda yayıb. 

O bildirib ki, media, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, ordan informasiya toplamaq haqqı var:
 
 

"Onlar bu haqlarını heç bir qorxu, maneə olmadan həyata keçirə bilməlidilər. Oktyabrın 19-20-də Bakıda keçirilən aksiyalarda Meydan TV, Azadlıq Radiosu, Turan Agentliyi, Amerikanın Səsi, Objektiv TV, Azadliq qəzeti, Toplum TV-nin əməkdaşları fiziki və sözlü basqıya məruz qalıblar, onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllər yaradılıb. Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram və rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram”.

Elmar Əziz