16:23, 03 May 2019 (Cümə) 442

Jurnalistlər “Stopa stop!” dedilər

3 May Beynəlxalq Media Azadlığı Günü ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və Meydan TV rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər. 

Onlar üzərlərinə "Stopa Stop!”, "Xəyallar Paris, həyatlar Sınıq Körpü”, "Meydan TV-yə açılmamış cinayət işinə son!”, "Sərhədli reportyor olmaq istəmirik!” yazılmış plakatlar qaldırıblar. Sonra "Stopa Stop!” şüarı səsləndirilib.  

Polis aksiyanın gedişatına müdaxilə edib, onların plakatlarını, habelə prokurorluq binasının divarına yapışdırdıqları plakatları cırıb.

Bundan sonra istintaq idarəsinin rəisi Eldar Əhmədov 8 aksiya iştirakçısını qəbul edib.

Görüş barədə Toplum Tv-yə məlumat verən junalist Aynur Elgünəşin sözlərinə görə, idarə rəisi aksiya iştirakçılarına deyib ki, ölkədən çıxışlarına qoyulmuş məhdudiyyətlərin ləğvi prosesi başlayıb və tezliklə bu məsələ bağlanacaq.   
    

Nərgiz Absalamova
Toplum Tv