13:28, 02 Mart 2020 (Bazar ertəsi) 441

"Jurnalistlərin indiki fəaliyyəti partizan hərəkatıdır" - Video

Martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 15 ili tamam olur.

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib. 

Hadisənin üstündən 15 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb edilməyib.

Jurnalistin qətlə yetirilməsindən sonra həyat yoldaşı Ruşaniyyə Hüseynova və azyaşlı oğlu Aslan Hüseynov Norveçə mühacirət ediblər.

E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb və həmin ildə də "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. 

O həmçinin "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. 

Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi.

Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Bu gün bir qrup siyasi-ictimai xadim Elmar Hüseynovun məzarını ziyarət edib. 
 
Əbülfət Baxşəli