22:31, 25 Mart 2020 (Çərşənbə) 768

Kafe və restoranlar: “Günə güclə 5 nəfər gəlir, ya gəlmir”

Kafe və restoranlar: “Günə güclə 5 nəfər gəlir, ya gəlmir”
"Əvvəllər yüz nəfər gəlirdisə, indi günə güclə beş nəfər gəlir, ya gəlmir”. 

Bu sözləri Toplum Tv-yə Bakıdakı "Sultan Food” kafesindən bildiriblər. 

İşçinin sözlərinə görə, kafenin iş vaxtının azaldılması obyektə böyük ziyan vurur, vəziyyəti çətinləşdirir: "İşçilərin sayı azaldıldı. Alver yoxdur deyə obyekt minusa gedir. İşıq pulu, kommunal gəlir, onu da ödmək olmur. Müdiriyyət öz cibindən ödəyir hamısının pulunu – işıq, qaz, arenda”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatına görə kafe, restoran, çayxana, internet klubları və digər ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

Həmişə insanlarla dolu olan kafelər, restoranların qapısı indi günün böyük hissəsi müştərilərə bağlıdır. 

İş saatının azaldılması təkcə kiçik iaşə müəssisələrinə deyil, həmçinin böyük restoranlara da mənfi təsir göstərir. 

"Borani Restaurant”ın inzibatçısının sözlərinə görə, iş saatının azaldılması müştərilərin də azalmasına səbəb olub. 

Buna baxmayaraq restoran rəhbərliyi işçilərini ixtisara salmadığını bildirir: "İş saatını azaltmışıq, amma işçi sayını azaltmamışıq. Əmək haqqının necə veriləcəyi barədə məlumat verə bilməyəcəm. Maliyyə baxıb nə deyəcəksə, ona uyğun edəcəyik”.

İqtisadçı Toğrul Maşallının sözlərinə görə kafe və restoranlarda işçilər ixtisar olunmamalıdır: "Hökumət elan edib ki, işçi müqavilələri dayandırılmamalıdır, yəni işçiləri heç bir halda heç kim ixtisar etməməlidir. Amma məsələ ondadır ki, Azərbaycanda bir sıra işçilər, məsələn, ofisiantlar bir çox hallarda xidmət müqaviləsi ilə işləyirlər. Yəni, rəsmi olaraq onların işçi müqaviləsi yoxdur. Ona görə  də ofisiantlar işsiz qalırlar”.

Toğrul Maşallı deyir ki, belə işçilərə kömək göstərilməlidir.

ToplumTV-nin əməkdaşının danışdığı kafe və restoranların bir çoxu işçi sayının azaldılıb-azaldılmaması ilə bağlı məlumat verməkdən çəkiniblər. Ekspert hesab edir ki, bu, sahibkarların işçilərlə rəsmi müqavilə bağlamamasından irli gəlir. 

"Bu, qapalı məlumat deyil. Amma bir çox hallarda onlar işçi deyil, xidmət göstərəndir. Azərbaycan Respublikanın Vergilər Məcəlləsinə görə ofisiantlar, aşpazlar və digərlərinin sadələşdirilmiş vergi ödənişləri var. Onlar hardasa işləyəndə dövlət büdcəsinə aylıq, deyəsən, 10 manat ya 15 manat ödəniş edirlər. Və həmin peşə sahiblərini əsasən xidmət müqaviləsi ilə cəlb edirlər ki, onlar daimi işçi olmasın. Xüsusən şadlıq saraylarında belədir. Çünki daimi maaş ödəmək iqtidarında deyillər. Deyirlər ki, biz sizinlə iş olan dövrdə işləyirik. Ona görə də restoranlar bu məlumatı açıqlaya bilməzlər. Amma bu da düzgün deyl”, - Toğrul Maşallı deyir. 

Ekspert Toğrul Maşallının qənaətincə, xidmət göstərən işçilərdən fərqli olaraq müqaviləsi olan və rəsmi işçilər üçün problem olmamalıdır. 

Arzu Çinarlı