13:05, 06 Noyabr 2019 (Çərşənbə) 77

"Kanal 13" rəhbərinin cəzası ləğv edilmədi

Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsi "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun şərti azadlığının aradan qaldırılması ilə bağlı iddiasına baxıb.
 
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən məhkəmədə iddia təmin olunmayıb. 

Ə.Orucov AzadlıqRadiosuna bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcək. Onun sözlərinə görə, qərar qərəzlidir və ədalətsizdir, «Kanal-13»ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür. 

Ə.Orucov qeyd edib ki, bu, hakim Ş.Həsənovanın ona qarşı birinci qərəzi deyil: "Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi. O zaman məni polisə müqavimətdə ittiham edəndə dedim ki, həqiqəti bilmək istəyirsə, saxlandığım yerdə kamera görüntülərinə baxsın. Amma eləməmişdi...".

Məhkəmədə dövlət ittihamçısı Rauf Malışov deyib ki, Ə.Orucov "hələ islah olunaraq tərbiyələnməyib". 

Ə.Orucov isə bildirir ki, bu ifadə onun ünvanına təhqirdir: "Mən heç vaxt nə cəmiyyətə, nə insanlara münasibətdə tərbiyəsizlik etməmişəm. Tərbiyəsizlik ədalətsizlik etməkdir, qanunları tapdalamaqdır".
 
O, şərti azadlığının götürülməsi barədə müraciətinin məhz ölkədən çıxışına qoyulan qadağa ilə bağlı olduğunu deyib:

"Mən ASAN Xidmətə müraciət etsəm də, ümumvətəndaş pasportunun verilməsindən imtina cavabı aldım. İddia edirlər ki, pasport verilsə, ölkədən gedəcəm, çox absurddur. Bu, birbaşa konstitusion hüquqlarımın pozulmasıdır, çünki mən vətəndaşlıqdan çıxarılmamışam".

Əziz Orucov apelyasiya şikayəti verəcəyini, təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb. İcraçı direktor CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 6 il azadlıqdan məhrum edilib.

O, ötən ilin 5 aprelində Ali Məhkəmənin qərarı ilə azad olunub.