17:38, 11 Yanvar 2021 (Bazar ertəsi) 60

Kapitolidəki iğtişaşlarla əlaqədar onlarla cinayət işi açılıb

Kapitolidəki iğtişaşlarla əlaqədar onlarla cinayət işi açılıb


/ DÜNYA
FOTO:KİV

ABŞ hökuməti Kapitolidəki iğtişaşlarla əlaqədar olaraq, daxili terrorizm ittihamı ilə azı 25 cinayət işi açıb. 

Bu barədə yerli vaxtla yanvarın 10-da Demokrat konqresmen Ceyson Krouya özünün "Tvitter" hesabında məlumat verib. 

Krouya bildirib ki, o, məsələ ilə əlaqədar Birləşmiş Ştatların Ordu Naziri (Ordu Nazirliyi Müdafiə Nazirliyinin tərkibində departamentlərdən biridir – Toplum TV) Rayan Makkarti ilə müzakirələr aparıb. Müzakirələr zamanı onlar daha çox iğtişaşlarda iştirak edən hərbçilərin davranışları və mövcud təhlükəsizlik tədbirləri barədə danışıblar.

"Nazir bildirdi ki, Kapitoliyə hücum nəticəsində daxili terrorizm ittihamı ilə ən azı 25 cinayət işi açılıb. Uzunlüləli odlu silah, Molotov kokteylləri, partlayıcı qurğular və plastik qandallar aşkar edilib. Bu isə onu deməyə əsas verir ki, çətinliklə də olsa, böyük bədbəxtliyin qarşısı alınıb”, - deyə Krou qeyd edib. 

Konqresmen iğtişaşlarda həqiqi hərbi xidmət keçən və ehtiyatda olan hərbçilərin iştirak etməsindən "dərin təşviş hissi” keçirdiyini deyib. 

Nazir Makkartinin sözlərinə görə isə, yeni seçilmiş prezident Co Baydenin yanvarın 20-nə təyin olunan andiçmə mərasimi zamanı "potensial terrorçulardan gələ biləcək təhlükələr”dən Pentaqon xəbərdardır. O, konqresmeni əmin edib ki, Müdafiə Nazirliyi və polis həmin tədbirin təhlükəsizliyini təmin etməyə hazırlaşır.

Daha əvvəl Vaşinqton meri Muriel Bauzer Kapitoli talanlarının fonunda federal hakimiyyətə məktubla müraciət edərək, Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin etmək üçün əlavə yardım istəmişdi.

Yanvarın 6-da Vaşinqtonda Kapitoli qarşısında etiraz aksiyası keçirən Tramp tərəfdarları bir müddət sonra binaya daxil olublar və Senatın zalını mühasirəyə alıblar. Co Baydenin prezidentliyinin təsdiq olunması üçün toplanan Senat və Nümayəndələr Palatası baş verən qarışıqlığa görə iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Tramp tərəfdarları ilə polisin toqquşması zamanı 5 nəfərin öldüyü, onlarla insanın saxlandığı bildirilib. Paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Donald Tramp 2020-ci ilin noyabrın 3-də keçirilmiş prezident seçkilərində məğlub olmadığını, seçkilərin saxtalaşdırıldığını deyir.