11:16, 11 Fevral 2019 (Bazar ertəsi) 297

Keçmiş MTN generallarının şikayəti təmin edilməyib

Keçmiş MTN generallarının şikayəti təmin edilməyib
Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ləğv edilmiş MNT-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər - Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova 5 il, onun rəhbərlik etdiyi idarənin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. N.Mürvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apellyasiya şikayəti versələr də, sonradan onlar şikayətlərini geri götürüblər.