19:47, 10 İyun 2019 (Bazar ertəsi) 326

Keramika üzərində əsərlər çəkən 20 yaşlı gənc - FOTOLAR

Keramika üzərində əsərlər çəkən 20 yaşlı gənc  - FOTOLAR
20 yaşlı Bakı şəhər sakini Ayşad Məmmədova 3 ildir ki keramika üzərində əsərlər çəkməklə məşğuldur.

O, İncəsənət Kollecinin dekorativ tətbiqi sənət fakültəsinin keramika bölməsini bitirib.

Özü haqqında danışanda deyir ki, kitablarla arası çox yaxşıdır, amma aldığı kitabları həmişə itirir.

"Uşaqlıqdan incəsənətə və əl işlərinə marağım olub”
 
 

Ayşad Məmmədova Toplum.Tv-yə deyib ki, onda olan bu maraq hələ uşaq yaşlarından yaranıb: "7 yaşımdan fortepiano və rəssamlıq ilə məşğul oluram. İncəsənətə marağım uşaqlıqdandı. Əl işlərini, nələrsə düzəltməyi çox sevirəm”.

"Bu işə başlamağım təsadüfən oldu...”
 
 

O, özünü şanslı hesab edir, çünki ailəsi hər zaman ona dəstək verib: "Çevrəm də eyni ilə hər zaman müsbət enerjiləri, fikirləri ilə məni sevindirir. Arxamda dayanırlar, "səndə alınacaq” deyirlər, dəstək olurlar”. 

Ayşad Məmmədova işə fiqurlarla, mini portretler, fərqli şəkillər çəkməklə başladığını deyir: "Albert Kamyunun çox sevdiyim bir sözü var: "İncəsənət həm bir coşma, həm bir yadırğama işidir". Məndə də belə olurdu. İxtisasıma görə həmişə gil, plastilin, gips ilə işləmişəm. İlk başlayanda fiqurlar hazırlayırdım. Sonralar daha fərqli bir şey olsun istədim. Mini portretlər, fərqli şəkillər çəkməyə başladım. Təbii ki, özüm üçün edirdim, amma belə olmadı. Ətrafım genişdir deyə dostlarımdan kim görsə sifariş verməyə başladı. Çox insanın marağına səbəb oldu. Hər gün mesajlar alırdım. Bu, məni hədsiz sevindirmişdi. Həm işimi sevərək görürəm, həm də qazancım olur. Bundan yaxşı nə var ki?!” 
 
 

O, bu işi daha da genişləndirmək istəyir. Gələcəklə bağlı planlarının olduğunu və onları gerçəkləşdirmək üçün çalışdığını deyir: "Gələcəklə bağlı hədəflərim var. Bu hədəflərə çatmat üçün çox çalışacağam. Gələcəkdə öz markamı yaratmaq fikrim var və bu işdə tək deyiləm. Yanımda olan və mənə dəstək göstərən insanlar var, olacaq da”.
 


Əbülfət Baxşəli