18:30, 15 İyul 2019 (Bazar ertəsi) 92

''Keşikçidağ''da gürcü fəallar Azərbaycan sərhədçilərinin silahlarını alıblar

''Keşikçidağ''da gürcü fəallar Azərbaycan sərhədçilərinin silahlarını alıblar
Gürcüstan-Azərbaycan sərhədinin Keçikçi Dağı Məbəd-Kompleksində insident yaşanıb. Milliyyətcə gürcü olan şəxslər Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya gediblər və silahlarını alıblar.

Bu barədə videogörüntülər Gürcüstan mediasında yayılıb. Xəbərdə iddia olunur ki, Azərbaycan sərhədçiləri məbəddən ikonaları götürmələri yerli sakinlərin qəzəbinə səbəb olub. Videodan görünür ki, Azərbaycan sərhədçiləri narazılıq edən şəxslərə qarşı səbrlə dolanıb, hadisəyə reaksiya vermirlər. Bundan başqa videodan görünür ki, etirazçılar arasında silahlı gürcü sərhədçi də gəzişir və olaya müdaxilə etmir.

"Exo Kafkaza” saytı Gürcüstan mətbuatına istinadən xəbər verib ki, Azərbaycan sərhədçiləri bir neçə gün öncə məbəddən ikonaları çıxarıb gürcü ruhanilərinə veriblər və bunu onunla izah ediblər ki, məbəd Azərbaycan ərazisində yerləşir.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) olayla bağlı ölkə ictimaiyyətinə müraciət edərək, vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır:

"Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareca məbəd kompleksi mübahisəli ərazi sayılır və hər iki ölkə müstəqillik qazanandan sonra Azərbaycan və Gürcüstan arasında bir-neçə dəfə qalmaqala səbəb olub. Son qalmaqal 2019-cu ilin mayında Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşanmışdı. Bundan sonra Azərbaycanın sərhəd qoşunları məbədin Azərbaycana düşdüyü iddia edilən ərazini gürcülərin girişi üçün bağlamışdı.Gürcülərin David Qareca, azərbaycanlıların Keşikçidağ adlandırdığı məbəd kompleksi gürcülər üçün müqəddəs sayılır. Məbədin bir hissəsinə girişin Pasxa bayramı ərəfəsində bağlanılması Gürcüstan tərəfinin etirazına səbəb olmuşdu.

May ayında gərginlik ikitərəfli komissiyanın işinin başlaması ilə sakitləşmişdi.

Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb. Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəklik "İlham Əliyev zirvəsi” adlandırılıb.

Baş verən olaya sosial şəbəkələrdə kəskin reaksiya verilib və müxtəlif şərhlər yazılıb.

Siyasi icmalçı Şahin Cəfərli "Facebook” sosial şəbəkəsindəki profilində "bu, yolverilməz haldır və bir daha təkrarlanmamalıdır” yazıb.

Ancaq Şahin Cəfərli Azərbaycan sərhədçilərinin səbrli davranışını düzgün hesab edib:

"Çünki bu, Gürcüstan və Azərbaycanı qarşı-qarşıya gətirmək istəyən məlum çevrələrin provokasiyası da ola bilər. Çıxış yolu budur ki, Azərbaycan həmin ərazini müvəqqəti olaraq ziyarətçilərə bağlayıb, Gürcüstan hökuməti ilə bu məsələni ciddi müzakirə etməlidir”.

Rəsmi Bakı hadisəyə hələlik reaksiya verməyib.
 
Meydan.tv