19:20, 18 İyul 2019 (Cümə axşamı) 226

Kollegiyanın qərarına vəkillərdən reaksiya

Kollegiyanın qərarına vəkillərdən reaksiya
Son iki gündə iki vəkilin - Elçin Sadıqovla Aqil Layıcın fərdi fəaliyyətinə xitam verilib.

Bu barədə onlar öz feysbuk hesablarında məlumat yayıblar. 

Vəkillərin hər ikisi bu qərarın onların istəyi olmadan verildiyini və qanunsuz olduğunu deyirlər. 

Bəs bu qərarın qanuni əsası varmı?

Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyətinə xitam verilmiş Yalçın İmanov Toplum Tv-ə deyib ki, bu qaydanın heç bir qanuni əsası yoxdur: ""Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulub ki, vəkillik fəaliyyətilə məşğul olmağın formasını vəkil özü müəyyən edir. Bunun hansı əsasdan ləğv edilməsi və ya aradan qaldırılması əsaslarını bilmirəm. Amma bunun bir qanuni əsası yoxdur. Bu yalnız qanunda dəyişiklik edildikdən sonra mümkündür".
 
Yalçın İmanov 

Vəkil Elçin Sadıqov bu qərarı insan haqlarını müdafiə etməsi ilə əlaqələndirir: "Bunun heç bir qanuni əsası yoxdur və bu, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci  maddəsinin 5-ci bəndinə ziddir. Ümid edirəm ki, bu qərar ləğv olunacaq və mən yenidən insan haqlarını müdafiə etməyə davam edəcəyəm".
 
 
Elçin Sadıqov

Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı da bildirib ki, vəkilin fərdi qaydada fəaliyyət göstərməyi qanunvericilikdə əksini tapıb və bu qadağan deyil: "Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər". 
 
Fariz Namazlı 

F. Namazlı hesab edir ki, qanunvericilikdən kənar belə bir qərarın verilməsi əsassızdır: "Buna görə də qanunvericilikdə qadağan edilməyən fəaliyyət formasının qanunvericilikdən kənar ləğv edilməsi əsaslı deyil. O ki qaldı fərdi vəkillərin özünü doğrultmaması məsələsinə, bununla bağlı Vəkillər Kollegiyasının rəsmi bəyanatı, yaxud mövqeyi rastıma çıxmayıb ki, konkret hansısa fərdi qaydada fəaliyyət göstərən vəkil vəkil etikasına zidd hərəkət edir, yaxud hansısa pozuntuya yol verib. Ona görə də fərdi vəkilliyin ləğv edilməsinin səbəbləri mənə məlum deyil".

Vəkil Kollegiyasının digər üzvü Osman Kazımov isə Toplum TV-yə məsələdən məlumatsız olduğunu deyib. 
 
 
 
Osman Kazımov 

Onun fikrincə, Vəkillər Kollegiyası vəkillərin fərdi fəaliyyətini məqsədəuyğun hesab etməyib: "Mənim məlumatım yoxdur. Məqsədəuyğun hesab etmirlər, amma ləğv etmək söhbəti yoxdur axı".

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Meydan TV-yə vəkillrin fərdi fəaliyyətinin ləğv edilməsi xəbərini təsdiqləyib.
 
 
Anar Bağırov 

O deyib ki, vəkillər üzərlərinə düşən öhdəlikiləri və fərdi vəkil kimi vəzifələrini yerinə yetirməyibsə, qanun pozuntusuna yol veribsə, deməli, fərdi vəkil kimi özünü doğrultmur: "Həm də Elçin Sadıqov rayonda yox, Bakıda işləyir, adı orda gedir, bunu hamı bilir".

Anar Bağırov onu da deyib ki, fərdi vəkilliyin ləğv olunması yönündə işləyirlər, lakin bu məsələyə Milli Məclisdə baxılmalıdır: "Bu yöndə işləyirik, Milli Məclisin əvəzinə cavab verə bilmərəm”.

Nərgiz Absalamova