21:36, 13 May 2020 (Çərşənbə) 665

"Konkret bilmək olmur hansı banklar bağlanacaq" - Ekspert

"Tam yoxlama olsa, yəqin ki, məlum 4 bank ("AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC Bank”) kimi bankların sayı çox olar”. 

Bu sözləri Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında söyləyib.  
 


Elman Rüstəmov deyib ki, AMB hələ ki bank sektorunda tam yoxlama aparmayıb: "Sektorda yalnız ilkin yoxlama aparılıb. Onu da deyim ki, hazırda bankların saytlarında olan hesabatlara müəyyən qədər inanmaq olar”. 

Elman Rüstəmovun sözlərinə münasibət bildirən bank məsələləri üzrə ekspert, Əkrəm Həsənov Toplum TV-yə deyib ki, analoji  vəziyyət  çox banklarda var: "Konkret bilmək olmur hansı banklar bağlanacaq. Sadəcə, mövcud bağlanan bankların vəziyyətindən göründü ki, Mərkəzi Bankın əsas prizentiyası kapitalla bağlıdır ki, kapitalları aşağı düşüb. Bu da onunla bağlıdır ki, bu bankların problemli kreditləri çoxdur və problemli kreditlər üzrə lazımı qədər ehtiyat yaratmayıblar. Çünki ehtiyat yaradanda kapital aşağı düşür. Problemli kreditlər bir çox banklarda var”. 

Əkrəm Həsənov bildirir ki, bundan əvvəlki bağlanan 4 bankın maliyyə vəziyyətində müəyyən təhriflər olubsa, o biri  banklarda da olmağı istisna deyil: "Mərkəzi Bank açıqlamasında deyir ki, bu bankların maliyyə vəziyyətində müəyyən təhriflər olub. Təhriflər olubsa, prinsipcə o biri banklarda da birmənalı olaraq var”.  
  

Ekspertin fikrincə, Mərkəzi Bank banklar arasında fərq qoymalı idi: "Bankın problemli kreditinin olması o demək deyildi ki, bank o krediti heç vaxt qaytara bilməyəcəkdi. Əgər bankın həmin problemli kreditlərinin əksəriyyətində girov təminatı kifayət qədər varsa, kreditlər qaytarılacaqdı. Əvvəl-axır məhkəmə yolu ilə də olsa belə, sonda qaytarılacaqdı. Mərkəzi Bank  banklar arasında bu fərqi qoymalı idi”. 

Əkrəm Həsənov hesab edir ki, bu bankların hamısının bağlanmasına ehtiyac yox idi: "Mərkəzi Bank bəzi banklara kredit verərək məsələni həll edə bilərdi”. 

"Mərkəzi Bankın verdiyi açıqlamalar tam deyil və  buna görə də tam başa düşmək olmur ki, əslində, həqiqətdə bunların hər birində  vəziyyət hansı formada olub”, - Əkrəm Həsənov sonda qeyd edib. 

AMB-in İdarə heyəti 27 apreldə "Atabank”, "AGBank”, "NBCBank” və "Amrahbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edib. 

Bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.  

28 apreldə  Mərkəzi Bankın İdarə Heyətinin verdiyi qərara əsasən, həmin banklardan ikisinin - "Amrahbank” ASC və "Atabank” ASC-nin lisenziyaları ləğv edilib. 

Mayın 12-də daha 2 bankın - "AGBank” ASC və "NBCBank”ın lisenziyaları ləğv edilib. 

Elmar Əziz