16:22, 28 İyun 2019 (Cümə) 157

Kremli tənqid edən biznesmen saxlanıb

Kremli tənqid edən biznesmen saxlanıb


/ DÜNYA
Rusiyada müstəntiqlər Kremlin Ukrayna və digər yerlərlə bağlı siyasətini tənqid edən keçmiş deputatın biznes ortağını saxlayıb.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərə görə, İstintaq Komitəsinin iyunun 28-də bildirməsinə görə, Rolf xarici avtomobil dilerliyi şirkətinin idarə heyətinin üzvü Anatoly Kairo 48 saatlığa saxlanıb. O, şirkətin qurucusu, keçmiş deputat Sergei Petrov-un 2014-cü ildə Rusiyadan 4 milyard rubl (63,5 milyon dollar) çıxarmasına kömək etməkdə şübhəli bilinir.

Kairo barədə həbs qətimkan tədbiri qərarı hələ çıxarılmayıb, İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib. O, dörd nəfərə cinayət işi açıldığını bildirib.

Komitənin bir gün öncə bildirməsinə görə, müstəntiqlər şirkətin Moskva və Sankt Peterburq ofislərində reyd keçirib, Rolf əməkdaşlarını dindiriblər.

Petrov 2007-2016-cı illərdə Dövlət Dumasının üzvü olub. O, parlamentin azsaylı müstəqil deputatlarından idi. Petrov rusiyalı uşaqların ABŞ vətəndaşlarına övladlığa verilməsini yasaqlayan, ABŞ vətəndaşlarının Rusiyaya səfərlərinə məhdudiyyətlər qoyan qanunun əleyhinə səs verib. O həmçinin hüquq-mühafizə orqanlarının səlahiyyətinin genişləndirilməsini, yeni data yığımı qaydaları tətbiq edən qanunvericiliyə qarşı çıxırdı.