14:43, 23 Avqust 2019 (Cümə) 55

"Kremlin icazəsi olmasaydı, Əsəd əməliyyata başlamazdı"



/ DÜNYA
"Bəşər Əsədin ordusu İdlib şəhərinin müxtəlif məntəqələrinə həmlələr həyata keçirir, bombardman davam edir. Aydındır ki, Bəşər Əsəd Kremlin icazəsi olmasaydı, belə bir riskli əməliyyata başlamazdı”.

Bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb. 
 
 
Elxan Şahinoğlu 

Onun sözlərinə görə, Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çat yaranmaqdadır: "Rusiya prezidenti Vladimir Putin hələ ötən ildən türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana söz vermişdi ki, İdlib şəhərinə hücum əməliyyatını ləngidəcək. Bunun qarşılığında isə Ərdoğan Putinə söz vermişdi ki, İdlibdəki silahlı müxalifət qısa zamanda radikal qrupları şəhərdən çıxaracaq. Olmadı, bu müddətdə tam əksi baş verdi, radikal qruplar silahlı müxalifəti İdlibin əksər hissəsindən sıxışdırıb çıxardılar. İndi Putin bunu əlində rəhbər tutaraq Əsədə "hücuma başlaya bilərsiniz” əmrini verib. Ancaq Putin bu əmri verməklə Ankara ilə münasibətlərdə sualların sayını çoxaldır”.

Politoloq Putinin  sentyabrın 16-da prezidentlər arasında baş tutması planlanan görüş öncəsi Türkiyə qarşısında önə keçmək istədiyini bildirib: "Putin görüşə qədər Əsəd ordusunun İdlib ətrafında daha çox uğur qazanmasını təmin etməyə çalışacaq. Çünki Ərdoğanla görüşdə Putin türkiyəli həmkarının İdliblə bağlı yeni istəyinə "yox” demək istəmir. Əslində Ərdoğan İdlibdəki vəziyyətdən narahatdır”.

"Putin nəyə arxayındir?”

Ekspert Putinin bu gedişi barədə də yazıb. O, bildirib ki, Putin üç məsələyə görə arxayın hərəkət edir: 

"Birincisi, hazırda Türkiyənin Qərb dünyası ilə münasibətləri hamar deyil, Amerika keçmiş müttəfiqinə hərbi təyyarələr satmır. Ona görə də Putin hesab edir ki, Ərdoğan İdlibə görə onunla münasibətləri gərginləşdirməz.

İkincisi, Rusiya Türkiyəyə C-400 raketlərini satıb. Ərdoğan gələcəkdə bu raketləri Rusiya ilə birgə istehsal edəcəyinə əmindir. Kreml buna razıdır. Bu amil də Ərdoğana Rusiya ilə münasibətlərdə diqqətli olmağı diqtə edir.

Üçüncüsü, Türkiyə son anda Amerika ilə razılaşaraq Suriyaya növbəti hərbi əməliyyatda koordinasiyaya ümidlidir. Pentaqon sözdə koordinasiyaya razılaşıb. Ankara ilə Vaşinqtonun Suriyaya mümkün koordinasiyası Putinin xoşuna gəlməyib. Kreml sahibi İdlibə hücum əmri verməklə Ankaraya mesaj yollayır ki, Suriyada Türkiyə-Amerika koordinasiyası Rusiyanın regional maraqlarına cavab vermir”.

Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə bu yaxınlarda Fıratın şərqindəki PYD-yə qarşı hərbi əməliyyatlara başlamaq istəyir: "Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisinə yeni hərbi əməliyyata başlamaqdır. Başqa sözlə, Kreml Əsədlə birgə İdlibə hücum əməliyyatları həyata keçirərkən, Türkiyə də Fərat çayının şərq hissəsinə əməliyyata başlaya bilər. Yəni Kreml Ankaraya belə bir sövləşmə təklif edə bilər: "Ankara Əsəd ordusunun İdlibi ələ keçirməsinə razılaşmasının əvəzində Moskva və Dəməşq Türkiyənin də Fıratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək”. Buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri var. Digər tərəfdən, Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara Kremllə Əsədin İdlib əməliyyatına göz yumsa belə, şəhər ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq”.

Əbülfət Baxşəli