15:48, 31 Yanvar 2019 (Cümə axşamı) 628

"Küçə süpürmək ölümlə çilingağac oynamaq kimidir"

Sputnik Azərbaycan: "Paytaxt süpürgəçilərindən çağırış: "Çörəyimizə bais olmayın”

Son üç ildə 20-yə yaxın süpürgəçini iş başında olarkən maşın vurub. Onlardan 14-ü qəzadan sonra dünyasını dəyişib. 

Toplum.tv bu statistikanı mətbuatda və sosial şəbəkələrdə dərc olunan  xəbərlərə istinadən əldə edib. 

Ötən il 8 süpürgəçi qadını maşın vurub, onların 7-si həyatını itirib. Sonuncu oxşar qəza 2018-ci il dekabrın 6-da baş verib. Avtomobillə vurulmuş Almagül Muradova elə həmin gün xəstəxanadaca keçinib. 

Sosial şəbəkələrdə gedən müzakirələrdə Mənzil Kommunal İstismar Sahəsi (MKİS) işçilərinin az məvacib alması bildirilir, ölüm hallarının qarşısının alınması üçün çıxış yolu kimi cavabdeh qurumların sürət həddi yüksək olan yolların təmizlənməsində maşınlardan istifadə etməsi təklif olunurdu.  

Almagül Muradovanın ölümündən sonra "Sputnik Azərbaycan" Bakının Xətai rayonu ərazisindəki MKİS işçiləri haqqında reportaj dərc edib. 

"Paytaxt süpürgəçilərindən çağırış: "Çörəyimizə bais olmayın” sərlövhəli yazıda süpürgəçilərin hamısı gördükləri iş və aldıqları məvacibdən razı qaldıqlarını bildiriblər.

Müsahiblərdən biri Gülnarə Hüseynova bildirib ki, 350 manat maaşla həm yaşadığı evin kirayəsini ödəyib, həm də övladlarını boya-başa çatdırıb. "Bu həyatıma şükür edirəm. Balalarımı halal zəhmətimlə böyütmüşəm. Hamısını da evləndirmişəm. Əmək haqqım yaxşıdır. Həm də dövlət işidir”, - deyə Gülnarə Hüseynova bildirib. 

Sona Mustafayeva da Gülnarə Hüseynova kimi qazandığı pulla həm ev kirayəsini ödədiyini, həm də övladına təhsil verdiyini bildirib: "Səhər-axşam küçələri təmizləyib, halal zəhmətimlə pul qazanıram. 350 manatdan çox maaş alıram. Şükür olsun, övladımı da oxuduram, kirayə pulunu da verə bilirəm. Ac qalmırıq”.

Doğurdan da, 350 manatla ailənin ehtiyaclarını təmin etmək mümkündürmü?

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşdirilib. 
Nazirlər Kabinetinin qərarı təsdiq edilmiş minimum istehlak səbətini ərzaq məhsulları, qeyri-ərzaq malları, xidmətlər təşkil edir (Cədvəl ya da skreenshot daxil edin).

Hesablamalarımıza görə, cari bazar qiymətlərinə uyğun olaraq minumum istehlak olunmalı ərzaq məhsullarının əmək qabiliyyətli şəxs üçün aylıq dəyəri 90 - 160 manat təşkil edir. Yuxarı həddlə götürdükdə, 350 manat məvacibin 90- 160 manatı ailənin 1 üzvünün  minumum ərzaq ehtiyaclarına xərclənməlidir. Mənzil şəraiti, geyim tələbatı və kommunal xidmətləri də əlavə etsək, bu rəqəm iki-üç dəfə artacaq. 

İqtisadçı Azər Mehtiyev Dövlət Statistika Komitəsinə istinadən deyib ki, son 10 ildə ölkə üzrə bütün məhsulların qiymətinin qalxma səviyyəsi 85 faizə bərabər olub: "Minimum istehlak səbətində isə daha çox pay ərzaq məhsullarının üzərinə düşür. Son devalvasiyadan sonra bu məhsulların qiyməti iki dəfə artıb. Yaşayış minimumu və minimum istehlak səbətinin dəyəri hər il infiyasiya səviyyəsinə uyğun olaraq yenilənməlidir”.

İqtisadçı Toğrul Maşallı hesab edir ki, tək yaşayan və mənzil şəraitinə malik şəxsin normal yaşayışı üçün 500 manat tələb olunur: "Bu, bir ailənin dolanışığı üçün yetərli deyil”.

Bakının Nəsimi rayonunda süpürgəçi işləyən Gülnisə Abbasova (ad şərtidir) sübh tezdən günorta saat 2-yə qədər işləyir. Altmış yaşlı Gülnisə Abbasova "Toplum tv-yə iş şəraitinin ağırlığı və həyati təhlükəsindən danışıb.  

224 manat maaş aldığını deyən MKİS işçisi məvacibinin 150 manatını yaşadığı evin  kirayəsinə ödədiyini bildirib, yerdə qalan məbləğin isə onun ehtiyaclarını qarşılamadığını deyib: " Maaş bir kənara, küçə süpürmək ölümlə çilingağac oynamaq kimidir. Hər səhər diqqətsiz sürücünün güdazına getməkdən qorxuram. Dəfələrlə az qalıb maşın üstümdən keçsin. Günlərlə onun həyəcanını keçirmişəm. Nə etmək olar?! Həyatda qalmaq üçün işləmək lazımdır”.

Ofelya Ramilqızı
Toplum.Tv