18:12, 07 Oktyabr 2019 (Bazar ertəsi) 484

Küçə tamaşalarının keçirilməsi ilə bağlı müraciətə cavab verildi

Küçə tamaşalarının keçirilməsi ilə bağlı müraciətə cavab verildi
Bakı Şəhər İcra Hakimiyyəti ADO teatrının paytaxtdaküçə tamaşalarının keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

 
Bu barədə xəbəri Meydan TV yayıb.

Qurumun İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsindən bildirilib ki, teatr kollektivinə ünvanlanan cavabda Mədəniyyət Nazirliyinin müsbət rəyinin vacibliyi qeyd olunub. Nazirlik qənaətbəxş cavab verdiyi təqdirdə icra hakimiyyəti tərəfindən müraciətə yenidən baxılacaq:

"Biz imtina cavabı vermirik, sadəcə, ADO teatrına yazdığımız cavab məktubunda Mədəniyyət Nazirliyinin rəyinin vacibliyini qeyd etmişik. Cavabımız üç gün, uzaqbaşı bu həftə ərzində ADO teatrına çatacaq. Elektron müraciət olunsaydı, cavab onlara dərhal məlum olacaqdı. Teatrın açıq havada tamaşa göstərməsi məsələsinə nazirlik müsbət cavab verməlidir. Nazirliyin bu rəyindən sonra tərəfimizdən yenidən müraciətə baxılacaq”.

Qurum teatrın onlara qarşı məhkəmədə iddia qaldıracağı məsələsinə də münasibət bildirilib:

"Burada məhkəməyə veriləcək bir əsas yoxdur. Biz imtina cavabı vermirik, Mədəniyyət Nazirliyinin müsbət rəy məktubu olmalıdır. Əgər teatrın nazirliklə hər hansı bir problemi varsa, yaxud sözləri düz gəlmirsə, bu başqa məsələ. İstəyirsə, məhkəməyə versin, şəxsi işidir. Lakin bu məsələdə cavabı Mədəniyyət Nazirliyi verməlidir”.

ADO teatrının bədii rəhbəri Elmin Bədəlov  bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi cavabını alandan sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə təqdim edəcək:

"İki il yarımdır, bu iş dolaşığa düşüb. Hətta müxalifətçilərə piket üçün yer ayırdılar. Bizə isə tamaşa göstərməyə yer vermirlər. Biz icra hakimiyyətinin rəsmi cavabını alan kimi məhkəməyə müraciət edəcəyik”.
 
26 sentyabr 2019 tarixində Mədəniyyət Naziri Əbülfəs Qarayev ADO teatrına küçədə tamaşa göstərmək üçün qadağa qoyub.