16:54, 21 Dekabr 2018 (Cümə) 694

London məhkəməsi Beynəlxalq Bankla bağlı qərar verib

London məhkəməsi Beynəlxalq Bankla bağlı qərar verib
London Apelyasiya Məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri ilə bağlı xarici kreditorların iddialarına müddətsiz moratorium qoyulmasından imtina olunması barədə qərar qəbul edib.

Dekabrın 18-də qəbul edildiyi bildirilən həmin qərarı şərh edən ABB onun gözlənilən olduğunu, bankın öhdəliklərinin restrukturizasiyasına (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.AR) təsir göstərməyəcəyini bəyan edib.

«Böyük Britaniya ərazisində bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 2017-ci il iyunun 6-da birinci məhkəmə instansiyasının qərarı ilə tanınıb və bu qərar hələ də qüvvədədir. Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilib ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir. Apelyasiya Məhkəməsinin son qərarında da hakim təsdiq edib ki, Böyük Britaniya ərazisində ABB-nin aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil. Çünki Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də apellyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır», - bankın açıqlamasına vurğulanır.

Açıqlamada qərarın yalnız Böyük Britaniya ərazisində qüvvədə olduğu vurğulanır, ABB-nin qərardan Böyük Britaniya Ali Məhkəməsinə şikayət verəcəyi bildirilir.

2017-ci ildə ABB 3.3 mlrd. dollar həcmində öhdəliklərin restrukturizasiyasını elan etmiş, kreditorlardan olan «Sberbank»a 20 milyon dollarlıq kredit müqaviləsi üzrə 16 milyon dollarlıq qiymətli kağızlar təklif etmişdi. «Sberbank» bununla razılaşmamış və kreditorlardan «Franklin Templeton Investment Management»lə məhkəməyə müraciət etmişdi.

««Sberbank» və «Franklin «Templeton»a AMB-yə qarşı iddia qaldırmaq hüququ verilsə də, onlar başlamış məhkəmə prosesi çərçivəsində qətnamə ala və icraya yönəldə bilməzlər. Apelyasiya Məhkəməsinin qətnaməsində qeyd olunub ki, bu məhdudiyyət Ali Məhkəmə qərar verənədək qüvvədə olacaq. London Apelyasiya Məhkəməsinin qərarı ilə «Sberbank» və «Franklin Templeton»a ABB-nin aktivlərinə tutma yönəltmək hüququ verilməyib. Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdırlar», - ABB-nin açıqlamasında vurğulanır.

2017-ci ilin mayında London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin və hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul etmişdi.

«Sberbank» və «Franklin Templeton Investment Management Limited» (FTIML) isə bu prosesin uzanmasını istəmirdi.

ABB-nin 2016-ci ildən «Sberbank»a 20 milyon, «Franklin Templeton»a isə 500 milyon borcu var.

Azərbaycan Beynəlxalq Bankı (ABB) ötən il 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürüldü.

Ötən il mayın 23-də xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirildi. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olundu. Planda təkliflərin birində qeyd edilirdi ki, borc 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilsin. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedirdi. ABB-nin kreditorları təklif edilən plandan əvvəlcə narazı qaldıqlarını bildirdilər. Lakin sonra tərəflər arasında razılıq əldə edildi.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Azadlıq Radiosu