17:27, 05 Mart 2019 (Çərşənbə axşamı) 462

"Maaş artan kimi qiymətlər də qalxır"

Maaş və pensiyaların artımından sonra bir çox məhsulların qiymətində qeyri-rəsmi artım müşahidə olunur. 

Ekspertlər bunu ölkədə rəqabət mühitinin olmaması və inhisarçılıqla əlaqələndirir. 

Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı sərəncama əsasən, martın 1-dən minimum əmək haqqı 38.4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, minimum əməkhaqqının artırılması nəticəsində dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olacağı deyilir. 

Bundan əlavə, martın 1-dən etibarən əmək pensiyası alanların da pensiyalarına əlavələr təyin olunub. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 14 fevralda keçirdiyi brifinqdə dediyinə görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.

"Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (20-22 manat) və s. artım olacaq. Bundan əlavə indeksasiya ilə bağlı artım da olacaq. Bu isə əlavə 3 faiz deməkdir”, - Sahil Babayev belə deyib. 

Əmək haqları və sosial müavinətlərin qalxmasına paralel olaraq bəzi məhsulların qiymətində də artımlar var. Qiymət artımını olduğumuz mağaza və market işçiləri də təsdiqləyir. 

Adını bildirmək istəməyən ərzaq dükanlarından birinin satıcısı məhsullarda qiymətlərin ilin əvvəlindən başlayaraq artdığını deyir. 

Onun sözlərinə görə, gündəlik lazım olan ərzaq məhsullarının hamısında bahalaşma var və əsas bahalaşma süd məmulatlarında özünü göstərir.

Məsələn, ilin əvvəlində 13 qəpiyə satılan yumurta 15  faiz bahalaşaraq 15 qəpik olub. Bəzi yerlərdə isə hətta 16 qəpikdən baha satılır. 

Satıcıların dediklərinə görə, yumurtanın qiymətinin Novruz bayramı ərəfəsində daha da bahalaşacağı gözlənilir. 

Bundan əlavə,  əvvəlcə 1 manat 20 qəpiyə satılan yarım kiloluq kənd qatığı 16 faiz bahalaşaraq 1 manat 40 qəpik olub. 

6 manat 20 qəpiyə satılan pendir isə 8 manat 30 qəpiyə qədər bahalaşıb (34%).

Satıcılar bildirir ki, ilin əvvəlində marketə 42 qəpiyə gətirilən çörək artıq 45 qəpikdən mağazalara satılır. Lavaşların qiymətində isə 10-20 qəpik arası bahalaşma var. 1 manata satılan lavaş alıcılara artıq 1 manat 20 qəpikdən təklif olunur. Yəni 20% bahalaşma var.

Ət və ət məmulatlarında da eyni qaydada bahalaşma müşahidə olunur. Kilosu 11 manata satılan kolbasa artıq 13 manatdan təklif olunur.

Tütün məmulatları isə ilin əvvəlindən bahalaşıb. 2 manata qədər olan siqaretlərdə 20 qəpik, 2 manatdan baha satılan tütün məmulatlarında isə 30 qəpik bahalaşma var. Yəni gündə bir paket siqaret çəkən şəxs artımdan sonra ayda 6-9 manat əlavə pul xərcləməlidir.

Əlavə olaraq çipsi 4%, saqqız 16% , enerji içkilərində isə 45%-ə qədər artım var.

Qiymətlərdə ucuzlaşma isə yalnız günəbaxan yağındadır. 

4 manat 30 qəpiyə təklif olunan yağ 20 qəpik ucuzlaşaraq 4 manat 10 qəpiyə alıcılara təklif olunur.Yəni təxminən 5% ucuzlaşma var.

Dövlət Statistika Komitəsi isə 2018-ci il üçün qiymətlərin rəsmi statistikasını yeni il başladıqdan 2 aydan da uzun bir müddət sonra, yəni mart ayının 10-da yayımlayacağını bildirib.

Ölkənin böyük market şəbəkələrindən birinin mətbuat xidmətindən Toplum tv-yə verdiyi açıqlamaya görə, bəzi məhsullarda cüzi bahalaşma müşahidə olunur: "Qida məhsullarında bahalaşma yoxdur, qiymətlər stabildir. Bahalaşma sadəcə qeyri-qida məhsullarındadır və bu da çox cuzi bahalaşmadır”.

İqtisadçı ekspert Azər Mehdiyev Toplum Tv-yə bildirib ki, iqtisadiyyatda rəqabət olmadığı üçün maaş və müavinətlər artan kimi qiymətlərdə də artım müşahidə olunur: "Azərbaycan iqtisadiyyatında rəqabət olmadığından, inhisarçılıq ona gətirib çıxarır ki, maaş və müavinətlərin artırılması ilə bağlı sərəncam verilən kimi, bazarlarda da qiymət qalxır”.

Ekspert vurğulayır ki, bunun səbəbi ölkədə normal istehsalın və rəqabətin olmamasıdır: "Nə qədər ki biznes sferası inhisar altındadır, ölkəyə malların gəlməsi inhisar altındadır və bu, davam edəcək. Bu gün inhisar şəraitində əmək haqları və pensiyaların hər hansı bir cuzi artımı eşidilən kimi psixoloji olaraq onlar da qiymət artımına gedirlər. Bunu inzibati yollarla müəyyən qədər məhdudlaşdırmaq olur, lakin inzibati yollarla da bunun tam qarşısını almaq mümkün deyil”.

Azər Mehtiyev deyir ki, bunun qarşısını almaq üçün inhisarçılıq aradan qaldırılmalıdır: "İnhisarçılıq və qıtlıq istər-istəməz məhsulun qiymətinin  qaldırılmasına şərait yaradır. Yəni bu həm də, o siqnaldır ki, hökumət əmək haqlarının qaldırılması qeydinə qalmalı deyil, həm də ölkədə daha rəqabətli biznes mühitinin formalaşmasına çalışmalıdır”.

Azər Mehtiyev həmçinin maaş və pensiya artımlarının hökumət tərəfindən sosial gərginliyi azaltmaq üçün istifadə edildiyini bildirib: "Hökumət siyasi bir qurum olaraq bu cür artımlardan müəyyən sosial gərginliyi azaltmaq üçün və yaxud əhalinin narazılığını aradan qaldırmaq üçün edir və hər zaman da edəcək. Bu hökümətin etməli olduğu işlərdən biridir”.

Uğur Fərzəli
Toplum Tv