17:32, 20 Yanvar 2020 (Bazar ertəsi) 160

Magistaturanın ikinci mərhələsinin ləğvi bakalavrlara nə verəcək?

Magistaturanın ikinci mərhələsinin ləğvi bakalavrlara nə verəcək?
Bu ildən magistraturaya qəbul imtahanı yalnız birmərhələli olacaq.

Nazir Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları”na dəyişiklik edib. 

Dəyişiklikdən sonra, magistaturaya qəbul bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə aparılacaq.

Qəbul qaydalarında dəyişiklik həm sosial mediada, həm də bakalavr və ekspertlər arasında müzakirələrə səbəb olub.

Adının hallanmasını istəməyən bir magistrant Toplum.tv-yə danışır: "Mənim vaxtımda magistaturaya daxil olmaq üçün əməlli-başlı maddiyyat lazım olurdu”.

Onun sözlərinə görə, birinci mərhələdə məntiq, informatika, ingilis dilinə hazırlaşmaq üçün aylıq xərci 150 manat civarında olub. Bu məbləğ kursdan kursa dəyişib. 

O bildirir ki, ikinci mərhələdə vəziyyət bir qədər fərqli olub: "Elə ixtisas fənləri var ki, onlar kursda tədris olunmur. Ona görə də univeristet müəllimlərinə müraciət etmək lazım olur. Kurslar bir-biri ilə rəqabət apardığından qiymətlər təxminən eynidir, hətta bəzən endirimlərdən yararlananlar da olur. Univeristet müəllimlərinin 2 aylıq keçdiyi hazırlıq kursunun qiyməti 500-600 manat arasında müəyyənləşir. Hazırlıqsız universitetə qəbul olmaq demək olar ki, mümkün deyil. Mümkün olsa belə, bu, yalnız ödənişli əsaslarla mümkündür”.

Hazırda ikinci kursda təhsil alan magistrantın dediyinə görə, ikinci mərhələdə qəbulda istifadə edilən suallar köhnə ilin məzunları tərəfindən satılır: "Bu sualları müəllim yanına gedən uşaqlar xəlvətcə çıxarıb satırır. Beləcə, hazırlığa xərclədikləri pulları bu yolla çıxarırlar”.

Magistr tələbəsi bu vəziyyətin ədalətli olmadığını düşünür: "Bir tələbə gecəsini gündüzünə qatıb oxuyur, digər bir tələbə 50-60 manata sual alıb onu əzbərləyir və imtahandan keçir”. 

Onun fikrincə, ikinci mərhələnin olması pul itkisindən başqa bir şey deyil. 

Təhsil eksperti Nadir İsrafilov magistraturanın ikinci mərhələsinin ləğvini qəbul imtahanlarını asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gəldiyini fikirləşir. 
 
 

Ekspertə görə, bu, bir növ gənclərin qəbula hazırlaşmasına stimul verə bilər.

"İstənilən halda yeni prosedur dərindən təhlil olunmalı və mübahisələndirilməlidir”, - deyə ekspert bildirir.

Təhsil eksperti Kamran Əsədov isə fikirləşir ki, ixtisasla bağlı imtahanın olmaması savadlı kadrların azalmasına gətirib çıxara bilər: "Dəyişikliklərdə beynalxalq təcrübəyə əsaslanıldığı bildirilir. O zaman başqa problem ortaya çıxır, axı bizim universitetlər beynalxalq təcrübəyə istinad olunmuş dərs keçmir. Onlar bir yana dursun, bizim universitetlərin maddi-texniki bazası, idarəetməsi, infranstrukturu, kitabxanası, mühazirə mətnləri dünya reytinqində olan 2000 universitetdən geri qalırsa, burda hansı dünya təcrübəsindən danışmaq olar?”

Ekspertin sözlərinə görə, bakalavrların universitet zamanı hazırlıqları zəif olur: "Onlar ixtisasdan hazırlaşanda az-çox nəsə öyrənirdilər. İndi bundan da olacaqlar”. 
 
 
K.Əsədovun sözlərinə görə, hazırda Avropa və Türkiyədə dərslərin əksəriyyəti tədqiqatyönümlüdür: "Yəni tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramalar, təhlil aparma üsulları və s. öyrədilir. Azərbaycanda isə bunlar yoxdur".

Roza Məmmədova