18:09, 01 Aprel 2019 (Bazar ertəsi) 881

Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında problem var

Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında problem var


Martın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı elektron portalı istifadəyə verib.  

Portalın məqsədi kompensasiya alacaq vətəndaşların saytdan istifadə edərək alacağı məbləği dəqiqləşdirməkdir.

Amma saytdan istifadə edən vətəndaşlar onlara şifrə mesajının gec göndərilməsi kimi texniki problemlərlə yanaşı, həm də ödəniləcək kompensasiyanın məbləğində də fərqlərin olduğundan şikayətlənirlər.  

Bəzi şikayətçilər bildirirlər ki, problemli kreditləri olan bəzi şəxslər haqda isə saytda, ümumiyyətlə, məlumat yoxdur. Yəni onlar adlarını həmin portalda axtardıqda borc, kompensasiya haqda heç bir məlumat verilmir. 

Saytda yaranmış problemdən əziyyət çəkən Elnur Gözəlov Toplum Tv-ya danışıb. 

Elnur Gözəlov bildirib ki, problem ödəniləcək kompensasiyanın məbləği ilə bağlıdı: "Yəni bunların mənə verəcəyi kompensasiya ilə mənim ödədiyim məbləğ arasında xeyli fərq var. Mən devalvasiya vaxtı ən çox zərər görən müştərilərdən biri olmuşam. 2015-ci il yanvarın 7-i kredit götürmüşəm. Bundan sonra dollar 1.05 oldu və mən 1.55 olana qədər borcumu ödədim. Daha sonra müqaviləyə əsasən hesabladım ki, mənim 2400 dollar qalıq borcum var. Bir şərtlə dollar borcumu manata çevirməyə imkan verdilər ki, 2400 dolların 20 fazini dollarla ödəyim. Bu təxminən 900 manat edirdi. Həmin faizi ödədikdən sonra 3300 manat əlavə borcum qalmışdı. Yəni 4000-dən çox pul ödəsəm belə, bu pulun 20 qəpiyi belə gəlib mənə çatmayıb”.

Elnur Gözəlov deyir ki, onun ödədiyi pulu hesablayanda, ödəniləcək kompensasiyanın məbləği 4000 manatdan çox olmalıdır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında isə mənə ödəniləcək konpensasiyanın məbləği cəmi 2600 manat göstərilib”.

Problemli krediti olan vətəndaş düşünür ki, bankdan bütün ödəniş sənədlərini götürdükdən sonra vəkillə birgə Nəzarət Palatasına getsin: "Görəsən, bu qədər ödədiyim pullar hara yoxa çıxıb”.

İqtisadçı ekspert Əli Əhmədovsa düşünür ki, şəxsin özündə və ya qarşı tərəfdə hesablama səhvi ola bilər: "Belə problemlərlə bağlı vətəndaşlar Maliyyə Bazarlarına Nəzarət Palatasına üz tutmalıdır. Çünki palata bu qiymətləri banklardan aldığı məlumatlar əsasında formalaşdırır”.

Ekspert deyib ki, portala daxil olmaq üçün şifrə mesajının gec gəlməsi problemi ilə özü də qarşılaşıb: "Bizim alışdığımız belə bir şey var idi ki, mesaj dərhal gəlirdi. Tutaq ki, plastik kartlarda 3D təhlükəsizlik şifrəsi alarkən həmişə tələb etdiyimiz şifrə tez gəlirdi. Dünən mən də mesaj üçün tələb göndərdim, bir az gecikmə oldu, amma mesaj gəldi”.

Maliyyə Bazarlarına Nəzarət Palatsından Toplum Tv-ya deyilib ki, kompensasiyanın hesablanması ilə bağlı narazı qalan vətəndaşlar  məlumatı dəqiqləşdirmək üçün banka getməlidir: 

"Vətəndaş alacağı kompensasiyanı hansı rəqəmlər üzrə hesabladığını dəqiqləşdirməlidir. Ola bilsin ki, vətəndaş dollar kreditini 1.70-lə ödəyib amma kompensasiya ikinci devalvasiya ilə, yəni 1 dollar üçün 60 qəpiklə hesablanıb. Fərmanda qeyd olunduğu kimi veriləcək kompensasiyalar üçün bütün standart güzəştlər, birinci devalvasiyada 1 dollar 25 qəpikdən, ikinci devalvasiyada 1 dollar 60 qəpikdən hesablanacaq. Buna görə də vətəndaş ödədiyi məbləğ ilə portalda göstərilən məbləğ arasında fərq çıxır”.

Palata ləğv olunmuş banklardan kredit götürənlərində siyahısının portala yükləndiyini bildirib: "Ləğv olunmuş banklardan kredit götürənlər də elektron portalda tələb olunan yerləri doldurduqdan sonra alacağı kompensasiyanı öyrənə bilərlər. Amma bu yalnız dollar krediti alanlara şamil olunur”.

Qurum portaldakı gecikməni də şərh edib: "Saytda yüklənmə var və müraciət edənlər çox olduğu üçün gecikmə yaranır. Əsas problem isə eyni şəxsin öz portalına bir neçə dəfə baxmasıdır.Buna görə saytda ləngimə yaranır”.

Uğur Fərzəli