18:02, 07 May 2019 (Çərşənbə axşamı) 132

Mədəniyyət Nazirliyi qiymət artımını təsdiqlədi

Mədəniyyət Nazirliyi qiymət artımını təsdiqlədi
"Qız Qalasına bilet 6 yaşadək uşaqlara pulsuzdur, məktəblilərə 20 qəpik, tələbələrə 1 manat, xarici tələbələrə (tələbə biletini təqdim etdikdə) isə 6 manatdır. Yerli vətəndaşlara giriş 2 manat, əcnəbilər üçünsə 12 manatdır".

Bu sözləri şagirdlərini muzeyə aparan müəllimlərdən biri Toplum.Tv-yə deyib.

"Şagirdlərimi Qobustan qoruğuna ekskursiyaya apardım. Muzeyə girişə görə əvvəl uşaqlar üçün 0,20 qəpik, böyüklər üçün 2 manat olan biletlər indi uşaqlar üçün 0,40 qəpik, böyüklər üçün isə 4 manat olub”, - deyə o bildirib. 

Müəllimənin sözlərindən sonra Toplum TV muzeylərdəki qiymətlərlə maraqlanıb.

Bəzi muzeylərdə, həqiqətən də, qiymət artımının müşahidə olunub. Belə ki Qobustandan başqa, Üzeyir Hacıbəyov muzeyində də qiymət artımı var. 

Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü İntiqam Hümbətov Toplum TV-yə qiymət artımını təsdiqləyib: ""Qobustan” qoruğunda son illər çoxlu işlər görülüb, yeni muzey yaradılıb, böyük layihələr həyata keçirib. Muzeyin tikintisi beynəlxalq standartlara uyğun həyata keçirilib. Ümumiyyətlə, qoruğun fəaliyyəti ölkəmizdə ölkə rəhbərliyinin diqqətindədir və nazirlik orada tərəfindən çoxlu işlər həyata keçirilir. Qoruqda yaşıllaşdırma, təmizlik işləri aparılır. "Qobustan” qoruğuna giriş qiymətləri çox az idi, çox cüzi məbləğ idi. Düzdür, "Qobustan”la müqayisə olunacaq bir muzey yoxdur amma yenə də digər muzeylərə baxanda çox aşağı idi”.

İntiqam Hümbətov açıqlamasında bildirib ki, digər muzeylərdə qiymətlər olduğu kimi qalıb: "Uşaqlar üçün 0.20 AZN, yerli vətəndaşlar üçün 2 AZN, xaricilər üçün 5 AZN idi. İndi isə uşaqlar üçün 0.40 AZN, yerli vətəndaşlar üçün 4 AZN, xarici vətəndaşlar üçün isə 10 AZN-dir. Muzeyin elmi şurası kollektivinin ümumi iclasında bu qərar qəbul olunub və nazirliyin müvafiq razılığı ilə mart ayından bu tətbiq olunmağa başlayır. Qeyd edim ki, bu qiymətlər özü də elə böyük qiymət sayılmamalıdır. Amma digər muzeylərdə qiymətlər olduğu kimi qalır”.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. 

37-si Bakıda fəaliyyət göstərir. 

Nərgiz Absalamova