10:42, 14 Fevral 2019 (Cümə axşamı) 411

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı

Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı
Fevralın 13-ü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hüquqşünas Yalçın İmanovun şikayəti üzrə proses keçirilib.

Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi istəyi ilə üz tutub. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Ötən il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. İlkin baxış zamanı Yalçın İmanovun yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.

Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. O, vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas olmadığını bildirir.

Novator.az-a danışan Yalçın İmanov deyib ki, yanvarın 22-si Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində keçirilən hazırlıq iclasında vəsatət qaldıraraq Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının protokolunun və qərarının indiyə qədər ona təqdim olunmadığını bildirmişdi: "Hakim iclasın protokolunun və qərarın surətlərinin təqdim olunması istəyimi təmin etmiş, Vəkillər Kollegiyası təmsilçisinin boynuna həmin sənədləri təqdim etmək öhdəliyi qoyulmuşdu.

Ancaq 13 fevral prosesində iclasın protokolu yarımçıq şəkildə təqdim olundu, həmin sənəd iclasda baş verənlər haqqında tam təsəvvür yaratmağa imkan vermir.

20 noyabr 2017-ci il iclasının qərarının surəti isə yenə ortaya çıxarılmadı. Əvvəlki kimi yalnız protokoldan çıxarışa istinad edilir. Vəkillər Kollegiyasının nümayəndəsi vəsatət qaldıraraq bildirdi ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Təəssüf ki, hakim bu əsassız vəsatəti təmin etdi.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin bugünkü qərardadı bir daha Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının göydəndüşmə olduğunu, mənim vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət, vəkillik fəaliyyətimin dayandırılması üçün hər hansı əsas olmadığını göstərir. Mənim haqqımda çıxarılan qərar üstündən 1 il 3 aya yaxın vaxt ötəndən sonra da ortada yoxdur, sadəcə protokoldan çıxarışa söykənib hökm verirlər. Halbuki qanuna əsasən, vəkilin intizam məsuliyyəti və vəkilin fəaliyyətinə xitam verilməsi prosedurları rəsmi qərarlar çərçivəsində həyata keçirilə bilər”.

Yalçın İmanov deyib ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi çəkişmələr davam etdiyi müddətdə vəkillik fəaliyyətinin dayandırılması haqda qərarın icrasına son vermək barədə ərizəni də təmin etməyib.

O bildirib ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində ötən ilin fevralında dayanmış proses fevralın 14-dən bərpa olunur.