20:07, 16 May 2019 (Cümə axşamı) 345

"Mehriban xanıma məktub yazdım, cavab gəldi ki..."

"Çörək pulu alsaq da, ayın axırını görmək üçün hardansa borc axtarırıq"
 
Ağdamın Şıxbabalı kəndindən məcburi köçkün olan Əsgərovlar ailəsi 26 ildir ki, Bərdə Rayonundakı Meşəçilik İnstitutunun ərazisinə sığınıb. 

Şəraitdən, imkansızlıqdan gileylənən evin xanımı Sədaqət Əsgərova deyir ki, ailənin daimi gəlir mənbəyi hökumətin "çörək pulu” kimi verdiyi müavinətdir. 

Onunla da ayı sona çatdırmaq mümkünsüz olur: "Çörək pulu alsaq da, ayın axırını görmək üçün hardansa borc axtarırıq. Kommunal xərclər çox olur. İşığı cirəylə işlədirik, ona da aylıq 25-30 manat veririk. Qazpulu dəhşət çox gəlir”.

Sədaqət Əsgərova deyir ki, indiyə qədər Birinci vitse-prezident Mehriban Əliyevaya iki dəfə məktub yazıb. 

Övladının xəstəliyi ilə bağlı yazdığı məktuba cavab gəlsə də, göndərdikləri xəstəxanada ona baxan olmayıb: "Oğlumun 17 yaşı var. Onu uşaq vaxtı it tutdu. Ondan sonra xəstəliyi başladı. Bəzən öz-özünə çıxıb gedir. Düşüb onu axtarırıq yollarda. Bir dəfə uşağın müalicəsi ilə bağlı Mehriban xanıma məktub yazdım, cavab gəldi ki, gedin xəstəxanaya, uşağınızı yoxladın. Getdik, məktubu heç kim vecinə almadı. 10 gün uşaq xəstəxanada qaldı, hər günün pulunu ödəyib, qayıtdıq rayona. Məktubu da alıb özlərində saxladılar, qaytarmadılar mənə”.

Sədaqət xanım deyir ki, uşaq inkişafdan geri qalıb, nə danışa, nə də yaza bilir. Buna baxmayaraq, məktəbə aparıblar, amma heç nə öyrənməyib: "Uşağımın 7 yaşı olanda internat məktəbindən gəlmişdilər ki, verin aparaq, oxusun. 4 il oxudu, sonra dedilər ki, bu uşaq heç bir şey öyrənə bilmir. Daha gəlmədilər, elə dedilər, attestat verəcəklər, amma vermədilər”.
 
Məcburi köçkünün Mehriban Əliyevaya 2015-ci ildə ünvanladığı ikinci məktubu evlə bağlı olub. Qeyd edib ki, xəstə uşaqla bu evdə qalmaq mümkünsüzdür: "Cavab gəlib ki, bu dəfə ev tikiləndə bizim köçürülmə işinə baxacaqlar. Sonradan binalar tikildi, paylanıldı, amma bizi köçürən olmadı”.

Sədaqət Əsgərovanın sözlərinə görə, dəfələrlə icra hakimiyyətinə getsə də, onun ev problemini görməzdən gəliblər: "Evlər tikilib paylananda dedim ki, bəs mənə demişdiniz, sizi də köçürəcəyik. Dedilər, burda bu qədər adam qalır, sizi köçürsək, onlar da qalxacaq ayağa ki, bizə də ev verin. Nazirlikdən gəlib baxmışdılar. Nömrəmi götürdülər. Dedilər, bayramdan sonra sizi çağıracağıq, amma çağırmadılar. Bu yaxınlarda yenə icra hakimiyyətinə getdim ki, mənə ev verin, çox pis vəziyyətdə yaşayıram. Dedilər ki, məktəbdə bir boş otaq var, get bax, qal orada. Gedib baxdım ki, uçuq-sökük bir otaqdır. Məktəbdə 4-5 ailə qalır, onların otaqları yaxşıdır, bizə deyilən otağın isə işığı, qazı, suyu yoxdur”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentindən isə Sədaqət Əsgərovaya bildirilib ki, onun məktub yazdığı 2015-ci ildə komitədə işləyənlər artıq orada çalışmırlar. Ona görə də şikayət yenidən baxılmalıdır. 

Bərdə Şəhər İcra Hakimiyyəti Toplum Tv-yə deyib ki, yeni layihələr hazırlanır, binaların tikintisi yekunlaşdıqdan sonra bu məsələlərə baxılacaq.

Əbülfət Baxşəli