17:16, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 82

Məktəblilərin keçdiyi piyada zolağının bərpasına niyə 1 ay vaxt lazım gəlir?

Məktəblilərin keçdiyi piyada zolağının bərpasına niyə 1 ay vaxt lazım gəlir?
"Övladlarımın oxuduğu məktəbin yaxınlığında piyada zolağı pozulub. Halbuki həmin yoldan hər gün yüzlərlə məktəbli keçir. Ora dörd yol ayırıcı olduğu üçün çox işləkdir, gün ərzində bir dəqiqə belə boş olmur. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət etmişəm və xahiş etmişəm ki, problem təcili həll olunsun. Bildiriblər ki, problemi həll edəcəklər, amma bu, tezliklə baş verməyəcək, çünki  müəyyən prosedur qaydalarına əməl olunmalıdır. Mən bu cavabla necə razılaşa bilərəm? O yolda hər an onlarla insanın həyatı təhlükədədir, o cümlədən də mənim uşaqlarımın". Bunu "Toplum TV" - yə Biləcəri sakini Rəsmiyyə Sadıqova deyib. 
 
Məsələylə bağlı "Toplum TV" - yə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev piyada zolaqlarının vaxtaşırı yeniləndiyini bildirib: "Əməkdaşlarımız mütəmadi olaraq ərazilərə baxış keçirirlər. Bundan əlavə, vətəndaşların müraciətləri əsasında da xətlər bərpa olunur". Biləcəri sakinin qaldırdığı problemə - keçidin bərpa olunma müddətinə gəlincə, M.Ağayev bunu prosedur qaydalarıyla əlaqələndirib. "Əməkdaşımız pozulmuş keçidə baxış keçirir və məktub hazırlayaraq Dövlət Yol Polisinə göndərir. Məktub DYP-də baxılır və müvafiq cavab verilir. Yəni əgər həmin ərazidə piyada keçidinin olması nəqliyyatın hərəkətinə mane olmursa, yolun işləkliyi çox aşağı deyilsə, müsbət cavab verilir. Bundan sonra Nəqliyyat Agentliyinin sifarişi əsasında podratçı qurum gedib xətləri yeniləyir. Bütün bu işlər bəzən bir aya, bəzənsə bir az da artıq vaxt aparır".

Mais Ağayev deyir ki, rəngi getmiş keçidlərin bərpası zamanı da eyni proses həyata keçirilir. Yəni DYP-yə məktubla müraciət olunur, icazə istənir: "Məsələ bundadır ki, piyada keçidlərini bizdən əvvəl DYP çəkib və keçidlərin qeydiyyatını aparmayıb. 2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra biz bu qeydiyyat məsələsini sıfırdan başlamalı olmuşuq. Ona görə də pozulmuş keçidlərin bərpa edilməsi zamanı da ilkin çəkiliş zamanı həyata keçirilən prosedur yerinə yetirilir".
 

 
"Bu müddət ərzində o keçidindən istifadə edən insanların həyatı təhlükədə olur. Proseduru sadələşdirmək mümkün deyilmi?" sualına M.Ağayev "Hələ ki ən asan yol budur. Əlbəttə, biz prosedurun təkmilləşdirilməsi üçün yollar axtarırıq" deyə cavab verib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Toplum TV"-yə açıqlamasında bildirib ki, Azərbaycanın qanunvericiliyində piyada keçidlərinin bərpasıyla bağlı normativlər yoxdur. "Əslində,  problem yaranan kimi bir neçə saat ərzində aradan qaldırılmalıdır və qanunvericilikdə boşluq varsa belə, bundan su-istifadə edilməməlidir. Çünki burda insanların həyatına təhlükədən söhbət gedir". 
Ekspert deyir ki, başqa ölkələrdə piyada keçidlərinin pozulması hallarını aşkarlamaq üçün müxtəlif effektiv üsullardan istifadə olunur. "Yəni buna nail olmaq lazımdır ki, yol nişanları və ya piyada keçidlərilə bağlı hər hansı problem yarandıqda, cavabdeh təşkilat özü dərhal bundan xəbər tutsun və problemi həll etsin".
 
Qızılgül Abdinova