19:20, 09 İyul 2019 (Çərşənbə axşamı) 432

"Məmurlar köhnə sistemdə daha rahatdırlar" - İqtisadçı

"Cəmi 6 ay sonra Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Amma köhnə bələdiyyə sistemi ilə yeni seçkilərə getmək izafi resurs və zaman itkisidir”. 

Bu ekspert Rövşən Ağayev feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, real islahatlara, dayanıqlı iqtisadi inkişafa marağı olan hökumətin gündəliyinin ən yuxarı hissəsində yerli idarəetmə, ilk növbədə bələdiyyə islahatları da olmalıdır: "Normal düşüncəyə görə hökumət ciddi narahatlıq keçirməliydi ki, artıq 20 yaşı olan Azərbaycan bələdiyyələri indiki səlahiyyətləri, reputasiyası və vətəndaşa xidmət potensialı ilə kimə lazımdır, cəmiyyət onlardan nə fayda götürür? Bəlkə, yaxşı bir təftiş aparaq, onları cəmiyyətin faydalana biləcəyi effektiv bir instituta çevirək. Axı 20 il keçib. Ötən zaman təkcə insanların, bütöv bir nəslin ömründən getmir, ölkənin kisəsindən də gedir. Böyür-başımızda, bizimlə eyni siyasi sistemdən çıxmış ölkələr elektromobil istehsal etməyə başlayır, yeni sənaye və texnologiya inqilabının bir parçası olmaq üçün planlar qurur, dünyada internetin inkişafına görə liderə çevrilir, biz hələ də 19-cu əsr tipli yerli idarəçilikdən az da olsa, narahatlıq keçirmirik”.

"Məmurların böyük çoxluğu tələsməyə bilər, onlar rahat yaşayışlarını təmin ediblər, köhnə sistemdə daha rahatdırlar, yeni idarəçilikdə belə söz sahibi və hökmran güc ola bilməyəcəklər. Amma insanlarımızın belə lüksü yoxdu. Onlar övladlarına inkişaf edən ölkə miras qoyub getməyə borcludurlar. Avropanı bir kənara qoyuram, qulağımızın dibində Gürcüstan və Ermənistanda bələdiyyə institutunun gücünə, nüfuzuna baxın”, - ekspert qeyd edib.

Bələdiyyələr yalnız vətəndaşlara keyfiyyətli yerli xidmət göstərmək üçün lazımlı deyil, həmçinin demokratiyanın və və s. formalaşması baxımından çox vacibdir: "Bu qurumlar ölkədə demokratiyanın, vətəndaş iştirakçılığının, siyasi partiyaların inkişafı və onlar arasında rəqabətin formalaşması,yeni siyasi liderlərin formalaşması baxımından çox vacib və strateji funksiyalara malikdirilər. Əks-mərkəzləşmə ölkədə iqtisadi resursların ədalətli və balansı bölgüsü, hakimiyyət bölgüsü, ortaq ağlın səmərəli istifadəsi baxımından əvəzsiz mexanizmdir. Uzun illərdir gözləyirəm ki, Azərbaycan hökuməti bir gün "Əks-mərkəzləşmə Strategiyası" elan edərək sovetdənqalma yerli və regional idarəçiliyin çərçivələrini kökündən dağıdacaq. Amma bu, baş vermədi. Təəssüf ki, müxalif siyasi institutların da bələdiyyə islahatları ilə bağlı çağrışları, onların əhəmiyyəti barədə maarifləndirici fəaliyyəti çox zəifdir. Biz bələdiyyələrin "torpaqsatan" imicini dağıtmalıyıq. İnandırmalıyıq ki, sizin indi gördüyünüz bələdiyyə deyil. Gerçək bələdiyyə haqqında onların təsəvvürlərini formalaşdırmalıyıq. Ən maraqlısı odur ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli demokratiyaya dair sosnuncu monitorinqini 7 il əvvəl keçirib. Böyük bir tövsiyə paketi təqdim edib. O gedən gedib, bir də arxasına baxmayıb, tövsiyələrinin taleyini soruşmayıb”.

Nərgiz Absalamova