17:26, 14 Oktyabr 2017 (Şənbə) 1358

"Mənim oğlum yalvarıb, yaltaqlanmayacaq” - AUDİOMÜSAHİBƏ

Nardaran hadisələri zamanı saxlanılan və 20 il həbs cəzasına məhkum edilən "vicdan məhbusu" Abbas Hüseynin anası Rəhimə Hüseynova Toplum.Tv-yə müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
 



- Abbas Hüseyn 20 il həbs cəzası alıb. Bu cəzanın cəmi 2 ili keçib. Abbas bu müddətdə nələrdən məhrum olub?

- Abbasın uşaqlığı da olmayıb, atası xəstə olub, ona baxıb. İndi isə o, sağlamlığından, həm də gələcəyindən məhrum olub. Abbas da, biz də hər şeydən məhrum olunmuşuq. Heç evlənməyib də, biz hər şeyimizi Qarabağa qurban vermişik. O biri qardaşları da əsgərliyini müharibə bölgəsində çəkib. Evimiz-eşiyimiz olmayıb. Amma mənə çox haqsızlıq olunub. Mən çəkdiyimi heç bir ana çəkməyib, uşaqların yanında mən bunu biruzə verməmişəm. Bir övladımı da cəbhədə itirmişəm. Mənim bu ölkədə evim, çörəyim olsaydı, o biri övladımı da itiməzdim. Mən də bir anayam və o qədər stress keçirmişəm. Sağlamlığımı və övladlarımın maddi, mənəvi rahatlığını mənə kim qayarıb verə bilər? Heç kim qaytara bilməz.

- Onun dini inancına görə azadlıqdan məhrum edilməsi ailənizdə hansı çətinliklərin yaranmasına səbəb oldu? 

- Hər çətinliyi çəkmişik. Övladlarımı Abbasın məhkəməsinə getdiklərinə görə işdən çıxartdılar, Abbas tutulandan sonra aylarla xəstə yatdım. Elə indi də xəstəyəm, müalicə alıram. Ürəyimdə qapanma getdi, stress və işgəncələr çəkdim. Əgər gəlib baxsan, evimdə İlhamın da, Heydərin də şəkli var. Məgər biz bu dövləti sevmirik? Amma onlar bizə pislik edirlər. Biz haqqı, mehribanlığı, sülhü, azadlığı istəyirik. Biz nə edirik ki, qolumuzu bağlayıb, aparıb içəri atırlar?! Abbasın qardaşlarını da bu dövlət həbs elədi. Mən on bir uşaqlı anayam. Hər kəsin öz hüququ var, o 11 uşağın biri nəsə eləyibsə, cəzasını özü çəkməlidir. Ana, bacı, o biri qardaşları tutulmalı deyil. Qadınları tuturlar. Biri o birinə dəstək olmaq üçün məhkəməyə gəlir, həmin adamı da tuturlar. Hələ o gün neçəsini tutublar. 

- Abbasın yaxın bir neçə ildə həbsdən azad olunması nə qədər realdır?

- Mənim bu dövlətə ümidim yoxdur. Ən böyük padşah Allahdır, sonra bunlardır. Bunlar isə Allahdan qorxmurlar, riayət etdikləri padşaha da da qulaq asmırlar. Bəlkə də, başqa cür xəbər verirlər. Mənə elə gəlir ki, aşağı rütbəli adamlar nə gəldi, edirlər. Bunların heç birinə inamım yoxdur. 

- Məhbuslar, adətən, prezidentə əfv ərizəsi yazmaqla azadlığa çıxa bilir. Oğlunuzun belə bir düşüncəsi varmı?

- Abbas günahsızdır. Biz nə dövlətin malını-pulunu, neftini yemişik, nə də haram tikə ilə övlad böyütmüşük. Mənim oğlum tutulana qədər daş daşıyıb, çörək qazanıb. Tək mənim oğlum yox, o biriləri də qürurludur. Mənim oğlum günah eləməyib ki, baş da əysin. Allah qarşısında onları tutanlar bu əməllərinə görə cavab verməlidilər. Günahı olan adam gedib, yalvarır, yaltaqlanır ki, məni buraxın. Mənim oğlum yalvarıb, yaltaqlanmayacaq”.

Müsahibənin audio yazısını buradan dinləyə bilərsiniz:


Ofelya Ramilqızı
Toplum.Tv