12:54, 12 Yanvar 2021 (Çərşənbə axşamı) 51

Mərkəzi Bank manatın ucuzlaşması barədə iddialara cavab verdi

Mərkəzi Bank manatın ucuzlaşması barədə iddialara cavab verdi
FOTO: "Vergiler.az" 
 
"Nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək"

Bu barədə yanvarın 12-də Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumatda bildirilib. 

AMB qeyd edib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib: "Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, "OPEC+"ın son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".

Bank əlavə edib ki, son günlər bəzi internet səhifələrində bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır: "Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir".