13:54, 13 Dekabr 2019 (Cümə) 104

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0.25 faiz bəndi azaldıb.

Bu qərarı bu gün, dekabrın 13-də AMB açıqlayıb.

Qərara görə, uçot dərəcəsi 7.75 faizdən 7.50 faizə endirilib.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75 faizlik diapazonda müəyyənləşdirilib. (9.25% və 5.75%).

Məlumatda bildirilir ki, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb: «Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2.6 faiz təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır».

AMB sonuncu dəfə oktyabrın 25-də uçot dərəcəsini 8 faizdən 7.75 faizə endirmişdi.