18:11, 04 Noyabr 2019 (Bazar ertəsi) 97

Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artımın səbəbi nədir?

Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artımın səbəbi nədir?
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb. 

Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub ki, bu il noyabrın 1-nə valyuta ehtiyatı 6 144,7 milyon ABŞ dolları təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8 faiz çoxdur. 

İlin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2 faiz, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11 faiz artıb.

Mərkəzi Bankın yaydığı digər məlumata görə, Azərbaycanda pul bazası ötən ay 80 milyon manatdan çox artıb.

Pul bazası bu il noyabrın 1-nə 10 298,8 milyon manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 81,5 milyon manat və yaxud 0,8 faiz çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 753,1 milyon manat və yaxud 7,9 faiz, son 1 ildə isə 1 145,5 milyon manat və yaxud 12,5 faiz artıb.

İqtisadçı Natiq Cəfərli Toplum Tv-yə deyib ki, valyuta ehtiyatlarının artmasının tək bir izahı var, o da Neft Fondunun  sata bilmədiyi valyutanın Mərkəzi Bank tərəfindən alınmasıdır: "Mərkəzi Bankın ehtiyatlarının artması o deməkdir ki, bir cibdən çıxarıb digər cibə qoyurlar. Neft Fondunun satdığı dolları banklar ala bilmir, ya da almaq istəmir. Bu da ayrı bir problemdir. Çünki dollara tələbatın azalması, ölkə iqtisadiyyatında alıcılıq qabiliyyətinin düşməsinə işarədir. Dollara tələbat o vaxt artır ki, idxalçılar ölkəyə daha çox mal gətirib sata bilirlər. Son zamanlarda alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur deyə dollara tələbat da azalıb. Satılmayan valyuta isə dövlət büdcəsinə manat şəklində transfer olunmalıdır. Neft Fondu büdcənin 50 fazini təşkil edən əsas donordur. Amma dövlət büdcəsinə pul dollar yox, manat şəklində ötürülməlidir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının artması hər hansı bir uğurla izah edilmir. Tək səbəbi Neft Fondunun çıxardığı vəsaiti, yəni dolları sata bilməməsindən qaynaqlanır: 

"Valyuta Mərkəzi Bank vasitəsilə hərraclarla satışa çıxarılır. Düzdür, formal xarakter daşısa da, hər halda hərraclar vasitəsilə olur. Orada satılmayan, dövlət büdcəsinə artıq manat şəklində köçürülməsi zəruri olan dollar, valyuta satışa çıxarılır. Büdcənin xərclərini ödəmək üçün isə Mərkəzi Bank da məcbur olub həmin dolları alır və ehtiyatları artır. Ancaq bu, dövriyyədə olan manat kütləsinin artımına səbəb olur. Dövriyyədə olan manat kütləsi artdıqca isə inflyasiya basqıları artır, qiymətlərin artması təhlükəsi yaranır”.

Zərifə Novruz