Siyasət

Mətbuat xidmətləri necə fəaliyyət göstərirlər? - Jurnalistlər danışır

6 May, 2020
2267
Jurnalistlər dəqiq və operativ informasiya əldə etmək üçün müxtəlif qurumlara, şəxslərə müraciət edirlər. 

Bunların arasında dövlət qurumlarının mətbuat xidmətləri xüsusi yer tutur. 

Bəs dövlət qurumlarının mətbuat xidmətləri operativ çalışırmı, onlara çatımlılıq hansı səviyyədədir?

Hafiz Babalı: "Mətbuat xidmətləri bir qayda olaraq "rəhbərin yerişi"ni yeriyirlər"
  
"Dövlət qurumlarının mətbuat xidmətləri bir qayda olaraq "rəhbərin yerişi"ni yeriyirlər”, - bunu Toplum TV-yə araşdırmaçı jurnalist, "Turan" İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı deyir. 

Onun sözlərinə görə, təşkilatın başçılıq edən şəxs mediadan qaçmırsa, mətbuatla əlaqələrə cavabdeh olan şəxs də suallara daha "ürəkli” cavab verməyə çalışır: "Amma təbii ki, bu qanunauyğunluqdan istisnalar da var”.

Jurnalist bir çox hallarda dövlət strukturlarının fəaliyyəti ilə bağlı informasiyaya ehtiyac duyduğunu deyir. 

O, informasiya almağa cəhd edərkən qarşılaşdığı çətinliklərdən bəhs edir: "Hazırladığım məqalələrlə bağlı bir çox hallarda dövlət strukturlarının rəyini və şərhini almalı olur, onların fəaliyyəti ilə bağlı informasiya almağa cəhd edirəm. Nazirlik və komitələrin rəhbərlərinin mətbuat konfransı təşkil etmək ənənəsinə demək olar ki, son qoyulduğuna görə birinci şəxslərdən birbaşa informasiya almaq imkanı yoxdur. Mətbuat xidmətləri özlərini sığortalamaqdan ötrü bir qayda olaraq sorğunun yazılı təqdim olunmasını istəyirlər. Bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri bir çox hallarda sorğunu nəzakətlə dinləyir, lakin onu nə yazılı, nə də şifahi şəkildə cavablandırırlar”.

"Bəzi mətbuat xidmətləri sualları cavabsız qoymurlar" 

Hafiz Babalı fəaliyyətindən razı qaldığı mətbuat xidməti rəhbərlərini belə sadalayıb: "Öz müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bəzən mətbuat xidmətinin rəhbərinin şəxsi keyfiyyətləri onun cəmiyyət üçün faydalı iş əmsalı ilə mütənasib olur. Bu mənada Fazil Talıbovu xüsusi qeyd etmək istərdim. O, hazırda çalışdığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsində də mətbuat xidmətinə rəhbərlik etdiyi dönəmdə də kəskinlik dərəcəsindən asılı olmayaraq,  sualları cavabsız qoymayıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti haqda da eyni sözləri deyə bilərəm".  

"İsrafil Kərimov, Pərviz Əbubəkirov və Qabil Babayev "Belarus partizanları"nın dəst-xətti ilə işləyirlər"

Hafiz Babalının "qara siyahısında” olan mətbuat xidmətləri isə bunlardır: "Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, "Baku Bus” MMC-nin mətbuat katibi Qabil Babayev "Belarus partizanları"nın dəst-xətti ilə işləyirlər. Onlardan söz çəkmək mümkün deyil. Fövqəladə Hallar Nazirliyi haqda isə heç danışmağına dəyməz.  Açıq etiraf edim ki, bu qurumun mətbuat xidmətinin olub-olmadığını hələ də müəyyən edə bilməmişəm. Elektron məktublara cavab verilmir, telefonlar isə susur. Media ilə bu cür işləmək üçün güman ki, FHN-in mətbuat xidmətinin adını bilmədiyim rəhbərindən fövqəladə istedad tələb olunur". 

"Jurnalistlər İlham Əliyevin mətbuat katibini bir neçə il bundan öncə görüblər”

"Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbərlik edənlərlə əməkdaşlığım isə heç zaman alınmayıb. Az qala bir qərinə bu quruma rəhbərlik edən Akif Əlinin ədəbiyyatdan başı açılmadığına görə, onu yerində tapmaq müşkül məsələ idi. Bu səbəbdən Nazirlər Kabinetində hansısa informasiyanı dəqiqləşdirmək faydasız məşğuliyyət idi.  Ayaz Mirzəyev sələfindən fərqli olaraq telefon dəstəyini özü götürürdü, informasiya sorğularımı aldığını da təsdiq edirdi, amma israrla onlara cavab vermirdi. Həmkarım İbrahim Məmmədovla da informasiya əldə etmək cəhdləri ilə bağlı təmaslarım olub. Hələ ki uğursuzdur. Amma ölkədə dövlət qurumlarında mətbuat xidmətinin necə işlədiyinin ümumən qiymətləndirmək istəsək, detektor kimi prezident İlham Əliyevin mətbuat katibi Azər Qasımov ən uyğun gələnidir. Jurnalistlər onun üzünu sonuncu dəfə rəsmi dövlət KİV-inin səhifələrində bir neçə il bundan öncə görüblər”, - Hafiz Babalı deyib. 

Qabil Abbasoğlu: "Bu sahədə hər hansı bir problem yaşamırıq"
 
"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu isə bu sahədə əsasən problem yaşamadıqlarını deyir: "Təhsil, səhiyyə və digər sosial xidmət sahələrinə aid sturukturların mətbuat xidmətləri ilə aktiv şəkildə işləyirik. Bu sahədə bir problem yaşamırıq. Hüquq mühafizə orqanları içərisində  hələlik  ən operativ deyə biləcəyimiz Daxili İşlər Nazirliyinin mətbuat xidmətidir. Görünür, digər sahələr məsələlərə daha diqqətli yanaşırlar. Ona görə də operativlik bir qədər arxa plana keçir".

Qabil Abbasoğlu son zamanlarda mətbuat xidmətlərinin müsbətə doğru dəyişdiyini də vurğulayıb: "Ötən illərə nisbətən son zamanlarda mətbuat xidmətlərinin fəaliyyətində xeyli dərəcədə irəliləyiş müşahidə edirik. Ölkədə informasiyanın əlçatımlılığı sahəsindəki qanunverici baza normal səviyyədə olsa da, onun icrası ilə bağlı ötən illərdə xeyli dərəcədə problemli vəziyyətlər yaranırdı. İndi yoluna düşməkdədir”.

Baş redaktor elektron sorğuların vaxtı-vaxtında cavablandırılması sahəsində qüsurların mövcud olduğunu da qeyd edib: "Əsasən təkmilləşdirilməsinə ehtiyac olan sahə online sorğuların operativ qaydada cavablandırılmasıdır. Əksər dövlət qurumlarının mətbuat xidmətlərində bu sahə hələlik ciddi şəkildə axsamaqdadır. Hesab edirəm ki, bu sahə yenidən qurulmalıdır”.

İlkin Pirəli: "Mətbuat xidmətinin fəaliyyəti quruma rəhbərlik edən şəxsdən xeyli dərəcədə asılıdır" 
 
"Pravda.az” saytının baş redaktoru İlkin Pirəli Toplum TV-yə açıqlamasında bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin öz işlərində yaxışlığa doğru dəyişikliklər etdiyini bildirsə də, köhnə qaydalarla işləyən və fəaliyyətində qüsurlara yol verən mətbuat xidmətlərinin də mövcud olduğunu vurğulayıb: "Dövlət qurumlarının mətbuat xidmətləri əvvəlki illərə nisbətən yaxşı işləyirlər. Çünki zaman bunu tələb edir. İnformasiya əsridir, bir qurumu qapalı saxlamaq fayda verə bilməz. Təbii ki, köhnə qaydalarla işləyən mətbuat xidmətləri hələ də var, onlar da, yəqin ki, zamanla yenilənəcəklər. Mətbuat xidmətinin rəhbəri vəzifəsi kifayət qədər məsuliyyətli işdir. Gərək daim hazırlıqlı olasan, jurnalist gecə saatlarında da zəng edə bilər, mütləq cavab verilməlidir. Məsələn, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov telefonu gündüz açmır, o ki qala gecə saatlarında..." 

İlkin Pirəli dövlət qurumunun mətbuat xidmətinin fəaliyyətinin həmin quruma rəhbərlik edən şəxsdən xeyli dərəcədə asılı olduğunu vurğulayıb: "Mətbuat xidmətinin rəhbəri də jurnalistdir, həmkarımızdır, əgər hansısa sayta məlumat vermək qadağası qoyulubsa, bu, onlardan asılı məsələ deyil. Quruma rəhbərlik edən şəxsdən çox şey asılıdır. O nə deyirsə, mətbuat xidmətinin rəhbəri də o cür davranır. Məsələn, Milli Məclisə Sahibə Qafarova yeni sədr seçildikdən sonra mətbuat xidmətinin rəhbəri və əməkdaşları xeyli operativ olublar, Daxili İşlər Nazirliyi də həmçinin. Vilayət Eyvazov nazir təyin edildikdən sonra mətbuat xidməti xeyli çevikləşib. Hazırda ən ciddi problem rayon icra hakimiyyətlərinin informasiya təminatı şöbələrinin fəaliyyətsiz olmasıdır. Günlərlə zəng edirsən, sorğu göndərirsən, cavab olmur, yazı dərc edildikdən sonra icra başçısı özü zəng edib deyir ki, prinsipləri pozursunuz-filan. Təbii ki, bu, onların variantlarıdır, sadəcə, işləmirlər...”

İlkin Pirəli razı qaldığı mətbuat xidmətlərini isə belə sıralayıb: "Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Polis İdarəsinin, "ASAN xidmət”in, Başı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Nəqliyyat Agentliyinin, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin, "Bakı Metropoliteni” QSC-nin, "Azərsu” ASC-nin mətbuat xidmətləri çox fəaldırlar. İstənilən vaxt zəng etsəniz, cavab ala bilərsiniz”. 

Seymur Kazımov: "Mətbuat xidmətləri jurnalistlər arasında çox ciddi şəkildə ayrı-seçkilik edir”
 
Konfliklərin işıqlandırılması məsələləri üzrə ekspert və jurnalist Seymur Kazımov Toplum Tv-yə dövlət qurumlarının mətbuat xidmətləri ilə sıx təmasda olmadığı üçün konkret cavab verə bilməyəcəyini bildirsə də, müşahidələrinə əsasən ümumi vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb: "Əfsuslar olsun ki, Azərbaycanda belə bir ciddi problem var. Əksər mətbuat xidmətləri yalnız özlərinə yaxın jurnalistlərlə işləyirlər, yəni "bu mediaya informasiya verək, başqasına verməyək” prinsipi ilə çalışırlar. Fikrimcə, onlar sərt, çətin suallarla üzləşmək istəmədikləri üçün tənqidi və ya müstəqil medianın zənglərini cavablandırmırlar. Çünki bilirlər ki, o sualların ya cavabı yoxdu, ya da cavablandıra bilməyəcəklər. Amma tutaq ki, hansısa televiziyaya çox rahat şəkildə çıxıb danışırlar. Kiçik istisnaları çıxmaq şərti ilə mətbuat xidmətləri media ilə dövlət qurumu arasında körpü olmaq əvəzinə baryerə çevrilir”.

Seymur Kazımov istisna hal kimi karantin müddətində mətbuat xidmətlərinin bir qədər fəallaşdığını əlavə edib: "Doğrudur, indiki karantin şəraitində mətbuat xidmətləri bir qədər fəallaşıb. Çünki indi elə bir vəziyyətdir ki, onlar  media qarşısına çıxmağa məcburdurlar. Amma adi vəziyyətlərdə dövlət qurumları ilə əlaqə yaratmaq müstəqil medianın qarşısında dayanan çox ciddi problemlərdən biri olur. Bu hal illərdir davam edən bir prosesdir”. 

Aytən Məmmədova: "Jurnalistlər vəzifəyə təyin olunandan sonra məmurlaşırlar"
  
"Azadlıq” qəzetinin redaktoru Aytən Məmmədova mətbuat xidmətlərinin media ilə münasibətlərinin ürəkaçan olmadığını bildirib: "Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin media ilə münasibətlərində çox ciddi problemlər var. Kiçik istisnalar olsa da, bu, istisnalar qaydanı pozmur. Mən, adətən, insan haqları sahəsində materialların hazırlanması ilə məşğulam deyə daha çox bu sahə ilə bağlı dövlət qurumlarının mətbuat xidmətləri ilə əlaqə saxlamalı oluram. Onların içərisində Penitensiar Xidmət sualları çox rahat şəkildə cavablandırır. Amma tutaq ki, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq çətinliklə müşayiət olunur. Çox vaxt telefona cavab vermirlər". 

Aytən Məmmədova qeyd edir ki, dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları mediadan gəlmələrinə baxmayaraq, vəzifəyə təyin olunandan sonra məmur obrazına bürünürlər: "Mətbuat xidmətinin işçiləri jurnalist kimi fəaliyyət  göstərdiyi zamanlarda mətbuat xidmətinin yaratdığı əngəllərdən əziyyət çəksələr də, belə yerlərə rəhbər və ya işçi təyin olunduqdan sonra eyni cür çətinlikləri yaratmaqdan çəkinmirlər. Demək olar ki, məmurlaşırlar. Elə bil yaratdıqları çətinlikləri vaxtilə bu adamlar özləri  yaşamayıblar”. 

"Sanki Azərbaycanda mətbuat xidmətləri jurnalistlərin suallarına uyğun olan informasiyanı vermək funksiyasını yox, özlərinin çatdırmaq istədiyi informasiyanı vermək funksiyasını daşıyırlar. Onlar medianın istədiyi suallara cavab vermirlər. Lakin özləri hansısa informasiyanı yaymağa ehtiyac duyduqları zaman həmin informasiyanı yayırlar, bununla da işlərini bitmiş hesab edirlər”, - Aytən Məmmədova əlavə edib.

Türkay Zadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo