19:33, 21 May 2019 (Çərşənbə axşamı) 71

“Meydan TV”nin əməkdaşının ölkəyə giriş qadağası götürülüb

“Meydan TV”nin  əməkdaşının ölkəyə giriş qadağası götürülüb
"Meydan TV”nin daha bir əməkdaşının sərhədkeçməyə görə məhdudiyyəti ləğv olunub.

Bu barədə Orxan Məmməd feysbukda məlumat yayıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində "Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Məmmədov Orxan Çingiz oğlu barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub. 

"Son 4 ildir ki, dünyanın 25-dən çox ölkəsinin 60-dan artıq şəhərini gəzmişəm. Amma öz ölkəmə gedə bilmirdim. Artıq ölkəmə də gedə bilərəm. Baş Prokurorluq Meydan TV-ə açılmış cinayət işinə görə mənə qoyduğu sərhədkeçmə qadağasını götürdü. Bu illər ərzində xeyli qohum, dostu itirdim, yaxınlarımın yaslarında, şad günlərində iştirak edə bilmədim. ''İtirilmiş'' dostları da anlayıram, heç vaxt da inciməmişəm. Çox yaxşı, cəsur dostlar da qazandıq. Xeyli əziyyətlər də oldu, amma ən azı ölkədə ağır şəraitdə mübarizə aparıb, illərlə həbsdə yatan dostlarımızdan utanıb heç vaxt ictimailəşdirmədim olanları. Sonunda hökumətin də qoyulan bu məhdudiyyətlərin mənasız olduğunu, bizim işlərimizi dayandırmadığını anlaması, və ya anlamağa çalışması müsbətdir. Jurnalistika cinayət deyil, yenə gücümüz yetdiyi qədər çalışacağıq. Fəaliyyətimizdə heç bir dönüş yoxdur, əksinə peşəkar mərhələyə keçmək üçün çalışırıq", - jurnalist bildirib.