14:35, 10 Fevral 2020 (Bazar ertəsi) 93

"Ümid" və REAL seçkilər zamanı saxtakarlıqlar olduğunu bəyan edir

"Seçkinin ilkin nəticələri qeyri-demokratik və xalqın iradəsini əks etdirməyən nəticələrdir".
 
Turan informasiya agentliyi məlumat verir ki, bu barədə "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib. O, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəddir.

"Partiyamızın 21 dairədə deputatlığa namizədi var idi və bütün dairələrdə monitirinq aparılıb. Mənim namizəd olduğum 35 saylı dairədən nəticələr hələ də elan edilməyib. Əksər dairələrdə ciddi qanun pozuntuları olub. Bundan başqa, səsvermə nəticələrinin protokolları verilməyib", deyə Ağazadə bildirib.

Belə ki, onun namizəd olduğu 35 saylı dairədə cəmi bir məntəqədən protokol verilib.

"Qalan 29 seçki məntəqinin hamısına polis basqını oldu. Bunu ATƏT-in müşahidə missiyasının, ABŞ və digər ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların  nümayəndələri də müşahidə etdi. Bizim əlimizdə seçki qutularının açılması, bülletenlərin sayılması və səslərin elan olunması ilə bağlı videomaterallar var. Hansı məntəqə üzrə saxta nəticələr elan edəcəklərsə, o məntəqə üzrə video materialı nümayiş etdirəcəyik”, deyə Ağazadə qeyd edib.

"Bu günə qədər insanlarda, vətəndaşların ən azından bir qismində gələcəkdə addım-addım ölkənin dəyişməsi ilə bağlı yaranan ümidlər dünən, təəssüf ki, puç oldu", deyə Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli öz növbəsində bildirib.

"Ən azı seçkidə iştirak edən müstəqil naizədlərin bir qismi xalqı inandırmağa çalışırdı ki, seçkiyə gəlsinlər. Seçki yolu ilə ölkədə pozitiv dəyişkliyə nail olmaq mümkün olacaq. Amma seçki göstərdi ki, böyük problemlər var. Xalqın böyük bir qismi seçkiyə gəlmədi. Həm də gələnlərin səsi də normal sayılmadı", deyə Cəfərli bildirib. "Çox biabırçı bir seçki keçirilib", deyə o qeyd edib.