16:30, 01 Dekabr 2018 (Şənbə) 361

Minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır

Minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır
Minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır.

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır.
 
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərin nə kimi əsası var? Bu qərarın istehlakçılar üçün təsiri necə olacaq?

Milli Məclisin iqtisadi, siyasi məsələləri üzrə komitə üzvü, deputat Vahid Əhmədov Toplum.tv-yə bildirib ki, dəyişikliklər təkcə avtomobillərə deyil, prestij mallara da tətbiq ediləcək: "Avtomobil, mebel kimi əşyalar var ki, insanlar onları 10-20 ildən bir dəyişirlər. Belə mallar prestij mallar hesab edilir. Elə mallar da var ki, vergi sistemində gündəlik mallar kimi sayılır. Bu cür məhsullara qida, geyim, dərman kimi məhsullar aid edilir. Bütün bu məhsullar nəzərə alınaraq yeni addımlar atılır”.

Deputatın sözlərinə görə, əlavə dəyər vergisinin prestij mallar üçün artırılması və gündəlik tələbat məhsulları üçün azaldılması təklifi artıq bir neçə ildir ki, səsləndirilir: "Bir zamanlar ölkədə avtomobillərin sayı cəmi 80000 idi. Hazırda isə bu say 1 milyon 300 mini keçib. Yəni artım böyükdür.  Ona görə də hesab edirəm ki, avtomobillər üçün aksiz vergisi qaldırılmalıdır”.

İqtisadçı Natiq Cəfərli Toplum.tv-yə bildirib ki, dəyişikliklər gözlənilən olsa da, məntiqi açıqlaması yoxdur: "Azərbaycan avtomobil üzrə istehsalçı ölkə deyil. Ölkə avtomobil istehsalı ilə məşğul olmur. Bununla belə aksiz dərəcələrinin artırılması istehlakçıların üzərinə düşən əlavə yük olacaq.Yəni istehlakçı daha çox vəsait ödəməli olacaq.  Amma bu dəyişiklik, büdcədə müəyyən problemlərin yaranması ilə bağlı büdcəyə daha çox vəsaitin daxil olmasına hesablanmış bir addımdır.  Halbuki bu dəişikliklərlə paralel olaraq təşviq addımlar da qəbul edilməli idi. Məsələn, elektriklə, hibridlə işləyən avtomobillərə gömrük rüsumları ləğv edilə bilərdi. Beləliklə, bu dəyişikliklərin məntiqi açıqlaması ola bilərdi ki, avtomobil parkı yenilənsin və müasirləşsin”.

Dəyişikliyə əsasən, minik avtobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat, (hazırda 8 manat) mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Samirə Əliyeva
Toplum.TV