10:57, 20 Fevral 2019 (Çərşənbə) 218

Minimum pensiyada artım neçə nəfəri əhatə edəcək?

Minimum pensiyada artım neçə nəfəri əhatə edəcək?
Parlamentin 19 fevral iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib. 

Yeniliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat məbləğində müəyyən olunur. Təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənəcək.

Əmək pensiyasının minimum məbləğinin 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılması prezident İlham Əliyevin təşəbbüsüdür. 2017-ci il iyulun 1-dən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdu. 2018-ci il yanvarın 1-dən pensiyalar 5,7 faiz artıb, minimum pensiyanın məbləği 116 manata çatıb. Bu il yanvarın 1-dən pensiyalara 3 faiz artım hesablandığı üçün minimum pensiyanın məbləği 120 manat olmalı idi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamasına görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək.

Novator.az