11:54, 16 Avqust 2019 (Cümə) 73

"MİQ-29"un yeni hissələri tapılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MİQ–29"  təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntüləri yayılıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.

Məlumatda deyilir  ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri Xəzər dənizinə düşən "MİQ-29" təyyarəsinə aid yeni hissələr tapıb, hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin qara qutusunun axtarışları davam etdirilir.

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.

Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı.