18:10, 14 Yanvar 2020 (Çərşənbə axşamı) 28

Moskvada keçirilən Liviya danışıqları nəticə vermədi

Moskvada keçirilən Liviya danışıqları nəticə vermədi


/ DÜNYA
Moskvada keçirilən Liviya danışıqları heç bir nəticə verməyib.

AzadlıqRadiosunun verdiyi məlumata görə, bu barədə "RİA Novosti” Liviyadakı mənbələr və ərəb mediasına istinadla xəbər verir.

Məlumata görə, Liviyada beynəlxalq aləm tərəfindən tanınan yerli hökumətə qarşı silahlı mübarizə aparan general Khalifa Haftar son anda sənədə qol çəkmədən yanvarın 14-də Moskvanı tərk edib.

Məlumata görə, Haftarın rəhbərlik etdiyi Liviya milli ordusu qələbəyədək mübarizə aparacağını bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bundan əvvəl Haftarla Liviyadakı milli razılıq hökumətinin rəhbəri Fayez al-Sarraj-ın razılaşma imzaladıqlarını bəyan eləmişdi.

Amma xəbərlərə görə Haftar sənədi imzalamaqdan imtina edib və yanvarın 14-ü səhərədək vaxt götürübmüş.
 
Rusiya ilə Türkiyə bir neçə gün əvvəl Liviyada vuruşan tərəfləri atəşkəs elan etməyə çağırıblar və Moskva görüşü də bundan sonra baş tutub.

Hazırda Liviyada vətəndaş müharibəsi gedir.

General Haftar 2019-cu ildə Tripolinin mühasirəyə alındığını bəyan edib.

Kütləvi informasiya vasitələri dəfələrlə onun moskvapərəst olması barədə məlumatlar yayıblar.Amma Rusiya hakimiyyəti bunu rəsmi şəkildə təsdiqləməyib.