11:44, 11 Yanvar 2021 (Bazar ertəsi) 62

Moskvadakı görüşdə hansı mövzular müzakirə olunacaq? - Yerevandan açıqlama

Moskvadakı görüşdə hansı mövzular müzakirə olunacaq? - Yerevandan açıqlama
FOTO: "Ccbs.news"

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək üçtərəfli görüşündə ərazi məsələləri barədə hansısa sənədin imzalanması gözlənilmir. 

"Sputnik Ermənistan"ın yanvarın 11-də verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan məlumat verib.  

"Feysbuk"da açıqlama verən Mane Gevorkyan bildirib ki, üç ölkə lideri arasındakı danışıqların məğzi iqtisadi məsələləri əhatə edəcək. Məlumata görə, söhbət Ermənistandan Rusiyaya, həmçinin Ermənistanın mərkəzi rayonlarından Sünik bölgəsinə (Yerevandan Mehriyə gedən yol Naxçıvandan keçəndə xeyli qısalır - red.) regional kommunikasiyaların, beynəlxalq yükdaşımaların açılmasından gedir. 

Gevorkyanın sözlərinə görə, Azərbaycandakı və Ermənistandakı bəzi dairələr fasiləsiz olaraq, "Mehri dəhlizi"ndən danışırlar, ancaq 9 noyabrdakı Birgə Bəyanatda Ermənistan ərazisindən hansısa dəhlizin keçəcəyinə dair bir maddə yoxdur. 

"Ermənistan tərəfi üçün ən vacib məqam əsirlərin, məhbusların və saxlananların tam dəyişdirilməsi, həmçinin hərbi əməliyyat zonalarında axtarış-xilasetmə işlərinin miqyasının genişləndirilməsidir. Bu məsələ həll olunmadan, istənilən iqtisadi müzakirə çətin olacaq, erməni tərəf bunu Moskva görüşündə ən vacib məsələlərdən biri kimi görür". 

Nikol Paşinyanın nümayəndəsi vurğulayıb ki, əgər sadalanan bütün mövzularda razılıq əldə olunarsa, görüşün nəticələri barədə müştərək bəyanatın verilməsi mümkündür.