10:28, 09 Avqust 2019 (Cümə) 90

Müharibə vaxtı Gürcüstan Bakı sayəsində bankları pulla təmin edib

Müharibə vaxtı Gürcüstan Bakı sayəsində bankları pulla təmin edib
''Pulu gətirmək üçün iki maşın sakitcə Gürcüstandan Azərbaycana keçdi və bu 300 milyonu Bakıda götürüb Tbilisiyə gətirdik''

Gürcüstan Milli Bankının keçmiş prezidenti Georgi Kadaqidze deyib ki, 2008-ci ilin avqustunda Rusiya ilə müharibə zamanı Gürcüstan Milli Bankı ölkəyə nəğd pulu Azərbaycan vasitəsiylə gətirib.

Hazırda universitet professoru kimi fəaliyyət göstərən Kataqidze hadisələrdən 11 il sonra "Novosti Qruziya” saytına müsahibəsində qeyd edib ki, 5 günlük müharibə zamanı hava nəqliyyatı iflic vəziyyətinə düşdüyündən Gürcüstan gizli əməliyyat keçirməli olub.

"10 Avqust 2008-ci ildə təbii ki, biz də daxil olmaqla heç kim müharibəyə hazır deyildi,” Kataqidze deyib:

"Bu, o vaxtlar idi, insanlar kütləvi şəkildə banklara axışırdı ki, hesablarındakı pulları götürsünlər və bu, olduqca təbii reaksiya idi. Bu, bankomatlarda böyük pul çatışmazlığına səbəb olmuşdu və təcili olaraq ölkəyə pul gətirmək lazım idi. Bankları təmin etmək üçün pul sifariş etdik. Söhbət təxminən 300 milyon dollardan gedirdi. Ancaq axşam saat 9-da qəfil dəyişikli oldu və Gürcüstan hava məkanı mülki nəqliyyat üçün bağlandı və pulu gətirən aviaşirkət bildirdi ki, Tbilisiyə təyyarə enə bilməyəcək,”- Kataqidze deyib.

Gürcüstanın milli pul vahidi olan lari xaricdə, əsasən Avropada, əskinasların istehsalında ixtisaslaşmış müəssisələrdə çap olunur. Milli Bank pulların ölkəyə daşınmasına cavabdehdir.

"Nəticədə, belə bir əməliyyatı həyata keçirmək üçün biz təyyarəni qardaş Azərbaycanın köməyi ilə Bakıya endirməli olduq. Pulu gətirmək üçün iki maşın sakitcə Gürcüstandan Azərbaycana keçdi və bu 300 milyonu Bakıda götürüb Tbilisiyə gətirdik,”-Kataqidze əlavə edib.

"O gün televizora baxırdım və rus əsgərlərinin Senaki və Qori hərbi bazalarına girdiyini görürdüm. Təsəvvür edin ki, Rusiya ordusu bu əməliyyatımızdan xəbər tutsaydı, ən azı orta səviyyədə bilsəydi, nə ola bilərdi. Əminəm ki, nəinki pulun təhlükəsizliyi, nəqliyyat sahəsindəki bütün insanların təhlükəsizliyi sual altına düşərdi,”- o deyib.
 
Meydan.Tv