14:00, 10 Fevral 2020 (Bazar ertəsi) 82

Müsavat parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir

Müsavat parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir
Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar parlament seçkiləri demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirilib.
 
Turan informasiya agentliyi xəbər verir ki, bu barədə Müsavat Partiyasının ilkin bəyanatında deyilir.

Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb.

Səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşaiyət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Saxtalaşdırmalar yolu ilə formalaşdırılmış Milli Məclis Azərbaycan Respublikasının qanunverici orqanı funksiyalarını yerinə yetirə bilməz, deyə bəyanatda qeyd edilir.

Müsavat-ın tələbləri:

- Azərbaycan Milli Məclisinə növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin;

- ölkədə real siyasi islahatlar həyata keçirilsin;

- seçkiqabağı demokratik şərait yaradılsın;

- fundamental azadlıqlar təmin edilsin;

- siyasi məhbuslar dərhal azad edilsin;

-  müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin;

- bərabər siyasi rəqabət şəraiti yaradılsın.

Son olaraq partiya yeni parlament seçkiləri keçirilməsini tələb edir.