16:55, 12 Fevral 2020 (Çərşənbə) 79

Müsavat Partiyası zorakılığa yol vermiş polislərin cəzalandırılmasını tələb edir

Müsavat Partiyası zorakılığa yol vermiş polislərin cəzalandırılmasını tələb edir
Müsavat Partiyası fevralın 12-də bəyanat yayıb. Partiya 9 fevral növbədənkənar seçkilər qanun pozuntuları və saxtakarlıqlarla keçirildiyini xatırladaraq bəyan edib ki, bunlar yerli və beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınıb.

MeydanTV-nin verdiyi məlumata görə, bəyanatda bildirilib ki, fevralın 11-də əsasən gənclərdən ibarət olan bir qrup deputatlığa namizəd 10 saylı Binəqədi seçki dairəsindən olan deputatlığa namizəd Rəbiyyə Məmmədovanın MSK qarşısında keçirdiyi dinc aksiyaya dəstək verib, 50-dək deputatlığa namizəd, siyasi fəallar və jurnalistlər toplaşıb:

"Sosial media üzərindən canlı yayımlanan bu dinc aksiya polis və digər xüsusi xidmət orqanları tərəfindən zorakılıqla dağıdılıb. Xeyli sayda aksiya iştirakçısı və jurnalistlər həbs olunub. Həbs olunanlar sırasında Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Ərzulla Buludov, Əziz Məmiyev, "bastainfo.com” sayıtının baş redaktoru, Müsavat Partiyasının Divan üzvü Mustafa Hacılı, Müsavat Partiyasından deputatlığa namizəd, partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyev, həmçinin deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turğut Qəmbər, jurnalistlər Sevinc Vaqifqızı, Aytac Tapdıq, Aynur Elgünəş, Aytən Məmmədova, Zərifə Novruz və başqaları da olub. Yüzədək aksiya iştirakçısı avtobuslara doldurularaq, saatlarla şəhərətrafı ərazilərdə gəzdirildikdən sonra sərbəst buraxılıb. Zor tətbiq edilməsi nəticəsində Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Ərzulla Buludlu, Müsavat Partiyasının Divan üzvü, "bastainfo.com” saytının baş redaktoru Mustafa Hacılı, deputatlığa namizəd Rəbiyyə Məmmədova, Sevinc Vaqifqızı və başqaları ciddi xəsarətlər alıblar”.

Bəyanatda həkimlərin Ərzulla Buludovun xəstəxanaya yerləşdirilməsini vacib hesab etdiklərinin bildirsələr də, xəstəxanaya gələn çevik polis alayı əməkdaşlarının buna imkan vermədiyi qeyd olunub:

"Xəsarət alan Rəbiyyə Məmmədova və Sevinc Vaqifqızına ilk tibbi yardım göstərilməsinə imkan verilməyib. Mustafa Hacılı saxlanıldıqdan sonra xüsusi dustaq maşınına (voronok) aparılaraq, orada bir neçə şəxs tərəfindən işgəncəyə məruz qalıb. Ağır xəsarətlər alan jurnalist bundan sonra 5-ci polis bölməsinə, oradan Binəqədi Polis İdarəsinə aparılıb. Yalnız saat 23 radələrində sərbəst buraxılıb”.

Müsavat Partiyası dinc etiraz aksiyası zamanı zorakılığa yol vermiş şəxslərin dərhal istintaqa cəlb olunaraq cəzalandırılmasını tələb edir.

Fevralın 11-də bir qrup namizəd, seçkidə müşahidəçi və məşvərətçi olmuş insanlar Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib. Onlar fevralın 9-da keçirilən parlament seçkilərində bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlara etirazlarını bildiriblər. Polis aksiyaçılarla bərabər hadisəni işıqlandıran jurnalistləri də saxlayıb. Saxlanan insanlara zor tətbiq edilib. Saxlanılanlar arasında jurnalistlər də olub, Sevinc Vaqifqızı və Aynur Elgünəşin polis tərəfindən döyüldüyü bildirilib.

Ancaq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə aksiya dağıdılarkən xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Ötən gün seçki ilə bağlı danışan Prezident İlham Əliyev "əgər namizədlər seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar", - demişdi.

Prezident seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini də söyləmişdi.

Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib. (edited)

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi