12:00, 07 Noyabr 2019 (Cümə axşamı) 74

Müsavatçı polisə çağırıldığını bildirir

Müsavatçı polisə çağırıldığını bildirir
Noyabrın 6-da Müsavat Partiyası başqanının müşaviri Azər İsmayılın polisə çağırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.
 
Onun sözlərinə görə, A.İsmayıl başqan müşaviri təyin ediləndən dərhal sonra Sabirabad Rayon Polis Şöbəsinə çağırılıb: «Azər İsmayıla zəng vuraraq rəisin onu görmək istədiyini bildirdilər…».

A.İsmayılın özü isə noyabrın 7-də AzadlıqRadiosuna bunları deyib: «Məni noyabrın 6-da Sabirabad Rayon Polis Şöbəsinə çağırdılar və əsas məsələ də Müsavat Partiyasının noyabrın 10-da keçirilməsini nəzərdə tutduğu mitinqlə bağlı idi».

A.İsmayıl deyib ki, polis şöbəsində ona noyabrın 10-da keçiriləcək mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı sual veriblər: «Mən də dedim ki, siz qəzet oxumursuz, xəbərləri izləmirsiniz? Həmin mitinq ertələnib».

Başqan müşaviri vurğulayıb ki, əgər mitinq ertələnməsydi yəqin, ona təzyiq, saxlanma ola bilərdi.

A.İsmayılın sözlərinə görə, daha sonra partiya ilə bağlı da ona bir sıra suallar verilib: «Dedim ki, sorğulamaq istəyirsinizsə, rəsmi çağırış göndərin, gəlim, orada baxarıq ki, həmin sualları cavablandıracağam, ya yox».

A.İsmayıl deyib ki, təqribən 10 dəqiqə çəkən danışıqdan sonra sərbəst buraxılıb.

Bu deyilənlərə, Sabirabad Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə insanlara baxışlarına və dinc siyasi fəaliyyətlərinə görə basqılar olmur.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salındı. Həmin aksiyada «Siyasi məhbuslara azadlıq», «Repressiyalara son» kimi şüarların səsləndirilməsi planlaşdırılırdı. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyillər. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.