12:21, 12 Fevral 2019 (Çərşənbə axşamı) 510

Mustafa Hacıbəylinin məhkəməsi təxirə salınıb

Mustafa Hacıbəylinin məhkəməsi təxirə salınıb
Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib. Şahidlər gəlmədiyindən məhkəmə iclası fevralın 19-dək təxirə salınıb.

Bugünkü iclasda Mustafa Hacıbəyli məhkəmə prosesinin video və audio yazısının aparılması barədə vəsatətlər qaldırb.

"Çünki hakim və şahidlər məhkəmədə o qədər aşağı səslə danışır ki, onları eşitmək mümkün olmur. Bu səbəbdən də vəsatət qaldırdım ki, audio və ya video yazı olsun ki, sonradan qulaq asıb məhkəmədə nədən danışıldığını anlaya bilək. Məhkəmə zalında mikrofondan da istifadə edilmir,” o qeyd edib.

Amerikanın Səsi-nin xəbərinə görə,hakim vəsatətə növbəti iclasda baxılacağını bildirib.

2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncədə icra hakimiyyəti başçısına edilən sui-qəsdlə bağlı bastainfo.com saytında başqa mediaya istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Məhkəmə ittihamları təsdiqləsə, Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Bastainfo.com saytına giriş bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.

Mustafa Hacıbəyli özünü günahkar saymır və ittihamı sifariş hesab edir.