13:51, 12 İyul 2019 (Cümə) 260

Müstəqil jurnalist olmaq nə qədər təhlükəlidir?

Müstəqil jurnalist olmaq nə qədər təhlükəlidir?
İyulun 10-da Londonda Qlobal Media Azadlığı Konfransı işə başlayıb. 

Konfransın ilk panellərindən birində ifadə azadlığı ilə bağlı yeni bəyannamənin qəbulu məsələsi müzakirə edilib. 

Kanada XİN rəhbərinin moderatorluğu ilə keçirilən müzakirələrdə "Sərhədsiz Reportyorlar" təşkilatının Böyük Britaniya üzrə nümayəndəsi Rebekka Vinsent çıxış edib. 

O çıxışında bildirib ki, jurnalist olmaq indiki qədər təhlükəli olmayıb. Hazırda dünyada 340 jurnalist həbsxanadadır.

İnsan haqları üzrə vəkil Amal Kluni də jurnalistlərin öldürülməsi və həbs edilməsi hallarının artmasından danışıb.  

Kluni  jurnalist hüquqlarının pozulduğu ölkələr arasında Azərbaycanın da adını çəkib. 

Media hüququ üzrə ekspert  Ələsgər Məmmədli bu məsələyə toxunaraq Azərbaycanda jurnalist təhlükəsizliyinin əsl vəziyyətindən danışıb.

İlk olaraq ekspert jurnalistlərin təhlükəsizliyində mövcud rejim amilini vurğulayıb: "Jurnalistika peşəsi, ümumiyyətlə, çox nadir peşələrdən biridir ki, daim təzyiq altında fəaliyyət göstərməli olur. Bu məsələ jurnalistlər yaşayan ölkənin idarə rejiminə görə dəyişə bilir. Sistem sərt olduğu zaman jurnalistlər sistemin özü tərəfindən, demoktratik olduğu zaman isə rejim tərəfindən olmasa belə, cəmiyyət tərəfindən hədəf ola bilir. Buraya mən daha bir neçə il öncə Fransada jurnalistlərin kütləvi şəkildə hücuma məruz qalıb öldürüldüyü hadisəni aid edə bilərəm. Yəni Fransa demokratik bir ölkə olmasına baxmayaraq həmin il ən çox jurnalist öldürülən ölkə sıralamasına düşmüşdü. Bu çərçivədə jurnalistlərin işi asan deyil”.
 
Ələsgər Məmmədli  

Ələsgər Məmmədli "Sərhədsiz Reportyorlar” təşkilatının önəmini qeyd edərək Rebekka Vinsent və digərlərinin fikirlərinin həqiqət olduğunu bildirib: "Azərbaycanda hazırda 5 ifadə azadlığı məhbusu var. Əfqan Muxtarlı kimi Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, daha sonra araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmiş şəxs tamamilə qondarma səbəblərlə başqa bir ölkədən oğurlanaraq gətirilmiş və həbs olunmuşdur. Həmçinin araşdırma və tənqidi jurnalistikanın digər bir siması Seymur Həziyev su butulkası ilə özünü müdafiə etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir. Halbuki daha dünən həmin işə baxan hakim yol hərəkəti qaydalarına  görə bir nəfərin ölümünə səbəb olmuş  şəxsin maddəsini ortadan qaldırıb. Yəni insan öldürən adamlar əli cibində gəzə bilir, amma hansısa su butulkası ilə özünü müdafiə edən jurnalist uzun müddət azadlıqdan məhrum olur”.

Ekspert 2005-ci ildə Elmar Hüseynov, 2011-ci ildə Rafiq Tağı, 2015-ci ildə Rasim Əliyev kimi jurnalistlərin öldürülməsini vurğulayaraq, təhlükəsizlik anlayışına toxunub: "Təhlükəsizlik jurnalistlərin rahat fəaliyyət göstərə bilməsi,  öz kameralarını istədikləri yerdə istifadə edə bilməsi, öz qələmlərini istədikləri məsələnin ictimailəşdirilməsində istifadə edə bilməsidir. Hazırda Azərbaycanda ictimai məkanlarda informasiya toplamaq özü ciddi bir problemdir. Jurnalistlər hətta ictimaiyyətə açıq "Tarqovı", Dənizkənar Bulvar kimi yerlərdə belə hansısa çəkiliş etdikləri zaman dərhal polis həmin yerə gəlir və burada jurnalistlər yaxşı halda kameralarının alınıb materialların silinməsi, pis halda isə bölməyə aparılma halları ilə qarşılaşa bilirlər”.

O bu problemlərin yaranmasına əsas səbəbin qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yerinə yetirilməməsi olduğunu deyib: "Azərbaycan qanunvericiliyinə görə Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə jurnalistin qanuni peşə fəaliyyətinə qəsdən zor tətbiq etmək, zor tətbiq etmək hədəsi ilə mane olmaq cinayət əməli hesab edilir. Digər bir məqam diffamasiya iddialarının mövcudluğu və diffamasiyanın hüquqi baxımdan cinayət məcəlləsində 4 maddədə cinayət məsuliyyəti yaratmasıdır. Təəssüf ki, son vaxtlar kütləvi şəkildə yerli məmurlar xüsusilə jurnalistləri dayandırmaq üçün onları diffamasiya ilə hədələyən iddialar qaldırır. Bəzən bunlar şərti, bəzən də birbaşa cinayət məsuliyyəti kimi həbsə apara bilir”.

Ələsgər Məmmədli həmçinin jurnalistlərin hər hansı ictimai əhəmiyyətli hadisəni işıqlandırdığı zaman hakimiyyət tərəfindən xəbərdarlıq, həbs və sayt bloklanması hallarının da baş verdiyini deyib: "Gəncə hadisələrindən yazan "Bastainfo”nun, "Criminal.az” saytının rəhbərləri - Mustafa Hacıbəyli, Anar Məmmədov məhz bu çərçivədə ictimai aktiv əhəmiyyət daşıyan hadisəni ictimaiyyətin diqqətinə çatdırdığı üçün hər ikisi 5 il 6 ay şərti azadlıqdan məhrum edildilər. Bunlar özü də göstərir ki, jurnalistika fəaliyyəti sadəcə "Sərhədsiz Reportyorlar”ın saydığı kimi idarəetmə baxımından geri qalan ölkələrdə deyil, hətta Avropa Şurasına üzv olan Azərbaycan kimi ölkələrdə də çətindir, problemlidir və mübarizəsiz mümkün deyil”.

Jurnalist Sevinc Vaqifqızı Azərbaycanda jurnalistlərin birbaşa qarşılaşacağı təhlükəli məqamları vurğulayıb: "Əgər jurnalist müstəqil mediada işləyirsə, hökumətin verdiyi qərarları və addımları tənqid edirsə, demək, o, düşünür ki, bu hərəkətlərin sonunda ya həbs olunacaq, ya işlədiyi media orqanı ilə bağlı cinayət işi açılacaq, ya cərimələnəcək, ya da həmin media qurumunun ölkədəki yayımı bloklanacaq. Çünki indiyə qədər biz bunun əksini görməmişik”.
 
 
Sevinc Vaqifqızı 

Sevinc Vaqifqızı Toplum.Tv-yə hökumət rəsmilərinin problemləri işıqlandırdığına görə müstəqil media nümayəndələrinə nəinki təşəkkür etməsini, əksinə jurnalistləri müxtəlif təzyiqlərə məruz qoyduğunu bildirib: "Biz görmüşük ki, prezidentin mülklərini araşdıran jurnalist Xədicə İsmayıl həbs olunub. Həmçinin hökumət haqda kifayət qədər ciddi tənqidi məqalələr yazan Rafiq Tağı əvvəlcə həbs olunub, sonra isə öldürülüb. Başqa bir jurnalist Bahəddin Həziyev höküməti tənqid etdiyi üçün maşınla üstündən keçilib və hələ də sağlamlığına tam qovuşmayıb, hətta əlillik dərəcəsi belə alıb. Daha sonra prezidenti sərt tənqid edən Elmar Hüseynov öldürülüb. Digər jurnalist Rasim Əliyev döyülüb və xəstəxanada vəfat edib. Onun ölümündə təqsirli bilinən şəxsə cəmi 4 il cəza verilsə də, təxmini 1 il 2 ay müddətdən sonra azadlığa buraxılıb”.

Jurnalist dəfələrlə media nümayəndələrinin döyülməsi və öldürülməsi hallarında aparılan istintaqın bilərəkdən nəticəsiz və dondurulmuş hesab olunmasının, cavabdeh şəxslərin cəzalandırılmamasının onların təhlükəsizliyinə mənfi təsirindən danışıb: "Jurnalistlərə qarşı bu cəzasızlıq mühitindən digərləri də düşünür ki, elə hərəmiz bir jurnalist döyməliyik. Xoşlarına gəlməyən bir sual verilirsə, jurnalistə güc tətbiq etmək, kamerasını əlindən almaq və s. olar. Fikir versək, "8 Marş” yürüşündə səyyar satıcılar belə jurnalistlərə hücum edirdilər. Onlara bu şəraiti hökumət yaradıb. Bir növ hökumət öz hərəkətsizliyi ilə sübut edib ki, jurnalistə istənilən gücü tətbiq etmək olar, çünki bu halda heç bir cəza tətbiq olunmayacaq. Buna görə də insanlar rahatdırlar ki, jurnalisti istənilən halda döymək olar. Yəni əgər doğru danışırsansa, doğru sözü deyirsənsə və ya hökuməti tənqid edirsənsə, əmin ol ki, hər hansı şəkildə problemlər yaranacaq. Məhkəmə qurulacaq, öldürülə də, döyülə də bilərsən və bunun qarşılığında heç kim cəzalandırılmayacaq”.

O, ölkədəki mətbuat azadlığı probleminin mənfiyə doğru inkişaf etdiyini bildirib: "Bu işlə məşğul olan şəxslərin hamısı çox gözəl bilir ki, onları hansı risklər gözləyir. Ona görə də deməzdim ki, Azərbaycanda jurnalist işləmək təhlükəsizdir. Xeyr, deyil. Bütün beynəlxalq hesabatlarda da biz həmişə mətbuat azadlığı və söz azadlığına görə son sıralardayıq və heç bir halda həmin siyahılarda yüksəliş olmayıb. Getdikcə ölkədə mətbuata və jurnalistlərə qarşı təzyiqlər daha da güclənir”.

Şəhla Abbas