20:40, 17 May 2019 (Cümə) 297

Müxalifət 28 Mayı harada qeyd edəcək?

Müxalifət 28 Mayı harada qeyd edəcək?
Bu il Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaranmasından 101 il ötür. 

Bu münasibətlə hər il olduğu kimi 28 may qeyri-iş günü sayılır və müxtəlif tədbirlər keçirilir.

Hökumətin keçirdiyi tədbirlərlə yanaşı müxalifət üzvləri də tədbirlər və yürüşlər təşkil edirlər.

Toplum Tv müxalif partiyaların və siyasi hərəkatların 28 May Respublika Gününü necə keçirəcəyi ilə maraqlanıb.
 


Gülağa Aslanlı 
 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Toplum Tv-ya açıqlamasında bildirib ki, həmişə olduğu kimi 28 Mayı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməklə keçirəcəklər: "Həmin abidənin qabağında toplanacağıq. Bu dəfə də plan üzrə mərkəzi küçəyə yığışıb, saat 12-də oradan abidəyə doğru hərəkət edəcəyik. Abidənin qarşısında tədbirimizi keçirəcəyik. Məhəmməd Əmin Rəsulzadənin valdeynlərinin, yaxınlarının məzarını ziyarət etməklə tədbirimizi yekunlaşdıracağıq. Formada dəyişiklik ola bilər, amma planda dəyişiklik yoxdur. Marşrut həmin marşrutdur”.
 


Gözəl Bayramlı  
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı deyib ki, 28 mayda Milli Şura olaraq M.Ə. Rəsulzadənin abidəsi önündə görüş keçirəcəklər: "Hər il olduğu kimi saat 5-də Novxanıda bir yürüş nəzərdə tutmuşuq. Böyük bir toplantımız olacaq və abidənin önündə mitinq keçirəcəyik. Milli Şura olaraq biz hər il AXCP ilə birlikdə bu tədbiri gerçəkləşdiririk. Bu il də özümüzə borc bilirik ki, Rəsulzadənin doğma kəndindəki yeganə abidəsini ziyarət edək. AXCP üzvləri, bizim tərəfdarlarımız və gənclərin iştirakı ilə böyük bir tədbir nəzərdə tutmuşuq. Hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə ən böyük hörmət onun abidəsi önündə tədbir keçirmək və onu yad etməkdir”. 
 


Azər Qasımlı 
 
Respublikaçı Alternativ Partiyasının (ReAL) Məclis başqanı Azər Qasımlı Toplum Tv-yə açıqlanmasında hələ partiyalarının bu məsələni dəqiqləşdirmədiyini bildirib: "Hələ müzakirə etməmişik, qərarımız yoxdur”.



Turqut Qəmbər 
 
"Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər də 28 Mayla bağlı planlarının olmadığını dedi: "Ümumiyyətlə, çalışırıq ki, fəaliyyətmizi hansısa günə fokuslanaraq keçirməyək. Bizim hazırda üzərində işlədiyimiz planlar və fəaliyyətlər var. Amma 28 Mayla bağlı planımız yoxdu. Nəsə dəyişiklik olsa, bildirəcəyik. Ötən il bizim 28 Mayla bağlı tədbirlərimiz oldu. Həmin gün respublikanın 100 illiyi olduğuna görə bu işə fokuslandıq. Amma bu il gündəmimizdə daha çox cari işlərlə məşğul olmaq var”.

Yeni Azərbaycan Partiyasının (YAP) 28 May Respublika Günü ilə bağlı planlarını öyrənmək mümkün olmayıb.

Ötən il 28 Mayda AXC-nin 100 illiyi ilə bağlı yürüşdə iştirak Real hərəkatının üzvləri saxlanılıb.

Mayın 29-da ReAL Partiya Məclisi üzvü Azər Qasımlıya 30 sutka inzibati həbs verilib. 

O, İnzibati Xətalar Məcəlləsinin "Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama" maddəsi ilə ittiham olunaraq həbs edilib.

ReAl Məclis üzvlərindən Elmin Həmzəyev 25, Nəriman İsmayıl 30, Ərəstun Əlizadə isə 25 sutka müddətinə həbs olunub.

Partiyanın icraçı katibi Natiq Cəfərlinin dediyinə görə, həbslər mayın 28-də Cumhuriyyətin 100 illiyi ilə bağlı keçirilmiş yürüşdə iştirak etmələrinə görə baş verib.

Uğur Fərzəli